Natiq Cəfərli AQTA-nın yeni tələblərini tənqid edib

  • By Admin2
  • 08 İyul 2026 12:44

İqtisadçı Natiq Cəfərli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ölkəyə idxal olunan heyvanların yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmasına dair yeni tələblərini tənqid edib.

Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, bu cür qərarlar biznes üçün əlavə xərclər yaradır və iqtisadi fəaliyyətə lazımsız müdaxilədir.

Cəfərlinin sözlərinə görə, istifadə olunacaq nəqliyyat vasitələrinin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi”nin tələblərinə uyğunlaşdırılması sahibkarların xərclərini artıracaq.

İqtisadçı hesab edir ki, artıq tənzimləmə iqtisadiyyata mənfi təsir göstərir və bunun nəticəsində məhsulların, xüsusilə də ətin qiymətində artım baş verə bilər. Onun fikrincə, biznes əlavə xərcləri son nəticədə satış qiymətlərinə daxil edir.

Natiq Cəfərli, həmçinin, ölkədə dövlət qurumlarının sayının azaldılmasının və “kiçik və effektiv hökumət” modelinə keçidin vacibliyini vurğulayıb. O bildirib ki, əks halda iqtisadi aktivlik zəifləyə, iqtisadiyyatın inkişaf tempi isə daha da ləngiyə bilər.

Elmar

Gununsesi.info