
“Amerikanın nüvə silahları Soyuq Müharibə dövründə olduğu kimi Britaniya torpaqlarında peyda olacaq”.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Telegraph” -a yazıb.
Bildirilir ki, ABŞ Londondan 110 km aralıda yerləşən Lakenheath Hərbi Hava Qüvvələrinin bazasına nüvə başlıqları daşıya bilən F-35 qırıcı-bombardmançılarından ibarət iki eskadrilya yerləşdirməyi planlaşdırır.
Eyni zamanda orada nüvə silahı anbarı da yerləşəcək. Bunun üçün ABŞ Konqresi artıq 50 milyon dollar ayırıb.
Hərbi mənbədən əldə olunan məlumata əsasən, beşinci nəsil gizli təyyarə olan F-35 bazaya bu ilin sonunda və ya 2024-cü ildə çatacaq. Bunlar Lakenheath-də yerləşdirilən F-15-lərlə müqayisədə daha müasir təyyarələrdir və onların uçuş məsafəsi daha böyükdür.
Hazırda 150-yə yaxın Amerika B-61 nüvə bombası NATO-nun Avropa üzvlərinin ərazisində – Belçika, Almaniya, Hollandiya, İtaliya və Türkiyədə yerləşir.
Böyük Britaniyanın kimyəvi, bioloji və nüvə müdafiə qüvvələrinin keçmiş komandanı Hamiş de Bretton-Qordon, nüvə başlıqlarının Britaniya torpaqlarına qaytarılmasının Rusiyaya bir siqnal olduğunu bildirib.
Qeyd edilir ki, Bretton-Qordonun fikrincə, Rusiyanın Qərblə münasibətləri müharibə astanasında strateji tarazlıq mərhələsinə çatıb.
“Əgər ABŞ Britaniyada nüvə silahı yerləşdirirsə, bu, Rusiyaya onların ciddi olduğuna dair bir mesajdır. Biz elə bir vəziyyətdəyik ki, qeyri-sabit ölkədəki tiran nüvə silahından istifadə etməklə hədələyir və onu dayandırmağın yeganə yolu tam cavab verəcəyimizi göstərməkdir “.
Tərcümə
Şəbnəm