NATO-Ukrayna Şurası ilk dəfə xarici işlər nazirləri səviyyəsində toplaşdı

  • By admin
  • 29 Noyabr 2023 16:51

NATO-Ukrayna Şurası ilk dəfə olaraq xarici işlər nazirləri səviyyəsində iclas keçirib.

Gununsesi.info xəbər verir ki, NATO-nun Brüsseldəki mənzil-qərargahında blokun baş katibi Yens Stoltenberqin sədrliyi ilə baş tutub. Ukraynanı xarici işlər naziri Dmitri Kuleba təmsil edib.

İclas iştirakçıları cəbhədəki vəziyyəti, NATO ölkələrinin Ukraynaya yardımını, həmçinin Şimali Atlantika Alyansına qoşulma yolunda Kiyevə dəstəyi müzakirə ediblər.

Görüş ərəfəsində jurnalistlərə açıqlama verən Stoltenberq qeyd edib ki, bu, Ukraynanın NATO-ya yaxınlaşmasından xəbər verir.

Onun sözlərinə görə, Ukrayna ordusu Rusiya ilə silahlı münaqişədə mühüm uğur qazanıb. Baş katib əmin edib ki, NATO ölkələri Ukrayna ilə həmrəylikdə qalır və onu dəstəkləməyə davam edəcək.

Dmitri Kuleba öz növbəsində qeyd edib ki, Ukrayna ordusu texniki potensial, idarəetməyə yanaşma və idarəetmə prinsipləri baxımından faktiki olaraq NATO ölkəsinin ordusuna çevrilib.

O vurğulayıb ki, “Ukraynanın qələbəsi bütün Avro-Atlantik ictimaiyyətin maraqlarına cavab verir”.

Ukrayna-NATO Şurasının yaradılması 2023-cü ilin iyulunda Vilnüsdə Şimali Atlantika Alyansının sammitində elan edilib. Əvvəllər Şura çərçivəsində dövlət və hökumət başçıları, səfirlər və müdafiə nazirləri səviyyəsində görüşlər keçirilirdi.

Gununsesi.info