NATO-ya İtaliyanın nümayəndəsi rəhbərlik edə bilər

  • By admin
  • 08 Fevral 2022 15:28

Yens Stoltenberqin səlahiyyət müddəti başa çatdıqdan sonra NATO-nun baş katibi postuna namizədlər arasında İtaliya nümayəndəsi favorit hesab olunur.

Gununsesi.info “La Repubblica” qəzetinə istinadla xəbər verir ki, qeyri-rəsmi rotasiyaya uyğun olaraq, NATO-nun baş katibi postunu Aralıq dənizi regionu dövlətlərindən birinin nümayəndəsi tutmalıdır.

HTML tutorial

Ekspertlərin fikrincə, İspaniya və Portuqaliya bu post uğrunda mübarizədə rəqib hesab oluna bilməz, belə ki, bu ölkələrin nümayəndələri artıq beynəlxalq siyasi iyerarxiyada mühüm mövqelər tuturlar: ispaniyalı Jozep Borrel Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi, portuqaliyalı Antonio Quterriş isə BMT-nin rəhbəridir.

İtaliya hökuməti NATO-nun iyun ayında Madriddə keçiriləcək sammitinə qədər təsdiq edilməli olan namizədlə bağlı hələ qərar verməyib.

Qeyri-rəsmi ənənəyə görə, NATO-nun baş katibi postuna adətən sabiq baş nazirlər seçilir. Lakin İtaliyanın sabiq hökumət başçıları Enriko Letta və Paolo Centiloni bu posta namizəd ola bilməz. Çünki Enriko Letta yenidən qurulmalı olan Demokrat Partiyasına rəhbərlik edir və gələn il keçiriləcək parlament seçkilərində ciddi siyasi ambisiyaları var. İqtisadiyyat üzrə hazırkı Avropa komissarı Paolo Centiloninin namizədliyi də Romaya sərf etmir. Belə ki, onun Avropa Komissiyasındakı varisi Avropa fondlarından əhəmiyyətli maliyyə yardımı alan İtaliyaya daha az loyal yanaşa bilər. Matteo Rensi isə NATO-nun baş katibi vəzifəsinə uyğun olmadığını dəfələrlə bəyan edib.

Qəzet qeyd edir ki, bu vəzifəyə böyük ölkənin nazirinin namizədliyi də məqbul sayılar. Bu halda ehtimal olunan namizədlər arasında sabiq xarici işlər naziri və Avropa İttifaqının xarici məsələlər üzrə sabiq ali nümayəndəsi Federika Moqerini, sabiq müdafiə naziri Roberta Pinotti və hazırkı müdafiə naziri Lorenso Querini ola bilər.

 

Gununsesi.info