Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına müsahibə verib.
Gununsesi.info müsahibəni təqdim edir:
– Qüdrət bəy, Prezidentin Münhen sülh konfransında iştirakına və keçirdiyi görüşlərə münasibətinizi bilmək istərdik.
– Prezident Qərb siyasi dairələrinə bir daha nümayiş etdirdi ki, biz xoş niyyətlə uzadılan əli sıxmağa hazırıq. Hal-hazırda Qərb siyasi institutları ilə münasibətlərdə yaşanan gərginlik bizə münasibətdə sərgilənən ədalətsiz münasibətə görədir. Biz Qərb ölkələri ilə münasibətdə həmişə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olmuşuq. Amma onlar həm xristian həmrəyliyindən çıxış edərək, həm də güclü erməni diasporasının təsiri altında bizə təzyiq edib, işğalçı Ermənistanı isə həmişə dəstəkləyiblər – bəzən açıq, bəzən gizli.
Prezident bu səfəri, həmçinin səfər zamanı çoxsaylı, o cümlədən,Zelenski və Almaniya kansleri Şoltsun vasitəçiliyi ilə Paşinyanla keçirdiyi görüşləri ilə bir daha göstərdi ki, 44 günlük savaşdan sonra Azərbaycanın Rusiyanın forpostuna çevrilməsi barədə deyilənlər cəfəngiyatdan başqa bir şey deyil. Sadəcə mənafelərəmiz tələb edir ki, Ermənistanla imzalanacaq sülh sazişinin altında başqa imzalar da olacaqsa, bu, Türkiyə və Rusiyanın imzası olmalıdır. Bizim Rusiya ilə yaxından əməkdaşlığımızı ölkəmizin həyati maraqları tələb edir.
– Navalnınin ölümündən sonra Rusiya ilə əməkdaşlıqda problemlər yaranmayacaq ki?
– Rusiyada hansı rejimin və kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Rusiya bizim ərazi bütövlüyümüzə və suverenliyimizə hörmət etdikcə onunla həmişə dost olmağa çalışmalıyıq. Navalnınin ölümünə, həm də ona təəssüflənirəm ki, onun ölümü Rusiyada demokratik proseslərin inkişafına heç nə verməyəcək. O, cəsarətli, amma yetkin siyasətçi deyildi. Xalqının potensialını, onun demokratiyaya nə qədər hazır olub-olmamasını düzgün qiymətləndirə bilmədi, siyasi fəaliyyətində reallıqları nəzərə almadı. Nemtsovun yolu ilə getdi. Allah rəhmət eləsin.
– Rusiyanın Ukraynanın Avdeyevka şəhərini ələ keçirməsini necə qarşıladınız?
– Daha bir şəhər yerləyeksan edildi. İki qardaş xalq bir-birini qırmaqda davam edir. Qərb Ukraynaya kifayət qədər yardım etmir, müharibənin davam etməsində maraqlı görsənir. Bu müharibə ABŞ-da daxili siyasət məsələsinə çevrilib. ABŞ prezidenti Bayden və onun əsas rəqibi Tramp Rusiyanın gizli agentləri təsiri bağışlayır. Onlar qələbə üçün bütün Ukraynanın məhvinə hazır görsənirlər. 2014-cü ildə Ukrayna müxalifəti, sonra isə təcrübəsiz Zelenski ABŞ siyasi sisteminin onların ölkəsinə gətirə biləcəyi dəhşətləri görə bilmədi. Qərb Rusiyadan istədiyini alana qədər Ukraynada müharibəni davam etdirəcək. Rusiyadan istədiyini alandan sonra Ukraynaya güzəştə getməyin vacibliyini deyəcək. Ukraynada müharibəyə ABŞ-la Rusiya arasında danışıqlar vasitəsilə son qoyulacaq. Bizi isə daha çox o narahat etməlidir ki, həmin danışıqlarda bizimlə bağlı hansı qərarlar qəbul olunacaq və qardaş Türkiyə hara qədər bizi müdafiə edə biləcək.
Gununsesi.info