
Ötən həftə saxlandığı Sibir həbsxanasında dünyasını dəyişən rusiyalı dissident Aleksey Navalninin yeni formula ilə zəhərlənərək öldürüldüyü iddiası ortaya atılıb.
Gununsesi.info xəbər verir ki, Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən beynəlxalq ictimaiyyət fevralın 16-da saxlandığı həbsxanada yıxılaraq dünyasını dəyişən müxalifət lideri Aleksey Navalnidən danışır.
Həbsxanada dünyasını dəyişən, cansız bədəni ailəsinə və vəkillərinə göstərilməyən Navalninin ölümü ilə bağlı çoxlu iddialar irəli sürülüb.
Britaniya mediası Kremlə yaxın mənbələrə əsaslanaraq, Navalninin “yeni zəhər formulası” ilə zəhərlənərək öldürüldüyünü yazıb. Mənbə bu zəhərdən həbsxanada verilən yeməklərdə istifadə olunduğunu da iddia edib.
Navalnının Rusiya Federal Təhlükəsizlik Xidməti, kəşfiyyat mərkəzi tərəfindən öldürüldüyü iddia edilib. Sosial şəbəkələrdə paylaşılan iddialarda “Navalni damar spazmı yaradan maddə ilə zəhərlənib. Bu zəhər son zamanlarda hazırlanıb və daha əvvəl Rusiya həbsxanalarında 5 məhbus üzərində sınaqdan keçirilib” deyilir. Adını açıqlamayan mənbə həmçinin Navalninin ona verilən yeməyin tərkibindəki zəhərli maddədən öldüyünü bildirib.
Navalnnın həyat yoldaşı Yuliya bildirib ki, Rusiya hakimiyyəti sinir sistemini zədələyən “noviçok” kimi tanınan zəhərdən istifadə etmiş ola bilər. “Həyat yoldaşım sarsılmaz idi. Buna görə də Putin onu öldürdü. Ona baxmadan, hətta adını deməyə cəsarət etmədən biabırçılıqla, qorxaqlıqla öldürdü. İndi də eyni biabırçı və qorxaq yanaşma ilə onun meyitini gizlədirlər, anasına göstərmirlər, qaytarmırlar və pafoslu yalan danışırlar. Onlar Putinin “noviçok”unun izlərinin keçəcəyini gözləyirlər”, Navalnaya bildirib.
47 yaşlı Navalninin ölümündən sonrakı dövrü Almaniyanın “Bild” qəzeti də paylaşıb.
“Bild” tərəfindən paylaşılan zaman qrafiki belədir:
“Həbsxana rəhbərliyi Navalninin rəsmi ölüm vaxtından iki dəqiqə sonra yerli vaxtla 14.17-də mətbuata açıqlama verdi.
Dörd dəqiqə sonra Rusiya hökumətinin Telegram kanalı Navalninin ölümünə səbəb kimi qanın laxtalanmasını göstərdi.
Yeddi dəqiqə sonra Kremlin sözçüsü Dmitri Peskov mövzu ilə bağlı ilk dəfə danışdı”.
Gununsesi.info