Martın 12-də gecə 10 radələrində rusiyalı mərhum müxalifətçi Aleksey Navalnının yaxın adamı Vilnüsdə hücuma məruz qalıb. Navalnının qərargahlarının keçmiş rəisi Leonid Volkova naməlum şəxslər hücum ediblər. Xəbəri “The Insider” uzun müddət Navalnının mətbuat katibi işləmiş Kira Yarmışa istinadla yayıb.
Yarmışın sözlərinə görə, Volkovun maşınının şüşəsini çəkiclə qırıblar: “Onun üzünə gözyaşardıcı qaz vurublar, daha sonra Leonidi çəkiclə döyməyə başlayıblar”.
“Agentstvo”ya müsahibəsində Yarmış deyib ki, Volkov özünü hücum edənlərdən maşının qapısı və ayaqları ilə qorumağa çalışıb: “Ona görə də harasına gəldi, ayaqlarına vurublar”.
Volkov xəstəxanaya yerləşdirilib.
Hücum Volkovun Litva paytaxtının kənarında yaşadığı evin yaxınlığında baş verib. Vilnüs polisi hücum faktını təsdiqləyib, Volkovun soyadı göstərilməyən məlumatda deyilir ki, Rusiya vətəndaşına hücum edilib. Hadisənin hər hansı versiyası açıqlanmır.
Navalnının digər silahdaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov da hücumun fəsadlarını göstərən fotolar yayıb. Fotolarda Volkovun başından xəsarət aldığı, ayaqlarının qan içində olduğu görünür.
“Hücum evin yaxınlığında baş verib. Çəkiclə ayaqlarına vurublar, əllərini tutublar”, – Jdanov yazıb. O daha sonra Volkovun xəstəxanaya yerləşdirildiyini qeyd edib, siyasətçinin xərəkdə təcili yardım maşınına aparılmasının fotosonu yayıb.
Fevralın 16-da Rusiya hakimiyyəti Navalnının uzaq “Qütb ayısı” koloniyasında vəfatı barədə açıqlama yayıb. Onun təbii səbəblərdən öldüyü açıqlanıb. Siyasətçinin tərəfdarları onun öldürüldüyünü düşünürlər.
Rusiya prezident seçkiləri ərəfəsində Navalnının silahdaşları “Günorta Putinə qarşı” etiraz aksiyasına hazırlaşdıqlarını elan ediblər. Müxalifətçinin komandası martın 17-də səsvermə məntəqələrinə getməyə çağırıb.
“Putindən başqa istənilən namizədə səs verə bilərsiniz. Bülleteni korlaya bilərsiniz. Orada iri hərflərlə “Navalnı” yaza bilərsiniz”, – Navalnının xanımı Yuliya deyib.
Leonid Volkov isə bu aksiya barədə danışarkən onda iştirakı “Aleksey Navalnının siyasi vəsiyyəti” adlandırıb.