Navalnının yaxın adamına evinin qarşısında hücum edildi

  • By admin
  • 13 Mart 2024 14:22

Həbsxanada dünyasını dəyişən rusiyalı müxalifət lideri Aleksey Navalnıya yaxın simalardan biri Leonid Volkov Litvada evinin qarşısında hücuma məruz qalıb.

Gununsesi.info xəbər verir ki, Volkov hücumda qolunun qırıldığını və ayağına çəkiclə 15 zərbə vurulduğunu bildirib.

Hücumun kim tərəfindən həyata keçirildiyi məlum deyil, lakin Volkov bunun siyasi olduğunu bildirib.

Polis Volkovun paytaxt Vilnüsdəki evinin qarşısına gəldiyi zaman baş verən hücumla bağlı araşdırmalara başlayıb.

Navalninin sözçüsü Kira Yarmiş açıqlamasında bildirib ki, Volkov evinin qarşısında hücuma məruz qalıb. “Kimsə maşınının şüşəsini sındıraraq onun üzünə gözyaşardıcı qaz vurub, sonra hücumçu Leonidi çəkiclə vurmağa başlayıb”, – Yarmiş deyib.

Navalninin komandasının digər üzvü İvan Jdanov sosial şəbəkədə Volkovun xəsarətlərini əks etdirən fotolar yaymağa başlayıb.

Volkovun həyat yoldaşı, Navalnının komandasında da olan Anna Biryukova bildirib ki, əri xəstəxanadan qolu sınıb qayıdıb və ayağına aldığı zərbələr səbəbindən yeriyə bilməyib.

43 yaşlı Volkov təhlükəsizlik səbəbi ilə Rusiyadan kənarda yaşayırdı və keçən ay həbsxanada ölənə qədər Navalnının şəxsi katibi olub.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis “hücum edənlərin bu cinayətə görə cavab verəcəklərini” deyib.

Gununsesi.info