Naxçıvan Ali Məclisində ilin son İCLASI

Dekabrın 28-də Ali Məclis sədrinin müavini Anar İbrahimovun sədrliyi ilə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının doqquzuncu – sonuncu iclası keçirilib.

 

Gununsesi.info xəbər verir ki, toplantıda Ali Məclis Aparatının rəhbəri Ülvi Hüseynli çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin illik fəaliyyəti ilə bağlı məlumat verib.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bildirib ki, Ali Məclis həm qanunvericilik sahəsində, həm də vətəndaş müraciətlərinə baxılması işində il ərzində səmərəli fəaliyyət göstərib. Ali Məclisə daxil olan müraciətlərin çoxu əmək, mülkiyyət hüquqlarının pozulması, su təminatı ilə bağlı məsələlər olub. Ali Məclis tərəfindən gələcək fəaliyyətlərdə bu istiqamətlər diqqətdə saxlanılacaq.

 

Anar İbrahimov qeyd edib ki, 2023-cü ildə bilavasitə Ali Məclisin fəaliyyəti ilə bağlı olan 3 yeni qanun layihəsi qəbul edilib. Bu, Ali Məclisin qanunvericilik fəaliyyətinin genişlənməsi deməkdir.

 

Cari məsələlərin müzakirəsi zamanı deputatlardan Turan Məmmədli, Hacıfəxrəddin Səfərli, Yazgül Rzayeva, Əmir Babayev təmsil etdikləri seçki dairələri üzrə bir sıra məsələləri diqqətə çatdırıblar.

 

Deputat Elman Cəfərli şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı təkliflərini qeyd edib, 2024-cü il növbədənkənar prezident seçkilərində əhalini fəal olmağa çağırıb.

 

Anar İbrahimov şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı deputat Elman Cəfərli tərəfindən verilən təkliflərin Ali Məclisin Humanitar siyasət komitəsi tərəfindən araşdırıldıqdan sonra növbəti yaz sessiyasında məlumat verilməsi ilə əlaqədar tapşırıq verib.

 

Deputatlardan Aidə Cəlilzadə, Nüsrət Həsənov, İsmayıl Qəribli və Yeganə Məmmədova da çıxış edərək seçicilərinin qaldırdığı məsələləri qeyd edib, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münbasibətilə təbriklərini çatdırıblar.

 

Ali Məclis sədrinin müavini Anar İbrahimov bildirib ki, bu gün biz həm sessiyaya, həm də bu ilə, yəni 2023-cü ilə yekun vururuq. Qarşıdakı ildə Ali Məclisin daha da funksional işləməsi üçün çalışmalıyıq. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 1.5-ci maddəsinə əsasən payız sessiyası dekabrın 30-dək davam edir. Daxili Nizamnamənin 1.4-cü maddəsinə əsasən deputatlar yanvarın 1-dən 15-dək tətilə buraxılırlar və tətil dövründə deputatlar məzuniyyətdə sayılırlar.

 

Anar İbrahimov iclas iştirakçılarını və muxtar respublikanın bütün sakinlərini qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

 

Ali Məclisin sədr müavini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Bununla da Ali Məclisin 2023-cü il payız sessiyası başa çatıb.

 

 

Gununsesi.info