Naxçıvan-Bakı təyyarəsindəki həyəcanın -FOTOSU

Xəbər verdiyimiz kimi, ötən gün AZAL-ın Naxçıvandan Bakıya uçan təyyarəsində həyəcanlı anlar yaşanıb.

Gununsesi.info xəbər verir ki, təyyarənin salonunda oksigen maskaları açılıb

Jurnalist Aygün Muradxanlı feysbuk hesabında həmin vaxt salonda olan sərnişinlərdən birinə istinadən hadisə ilə bağlı bəzi detalları bölüşüb. Qeyd edib ki, salonda havalandırma işləməyib:

“Sərnişinlərdən biri deyir ki, havaya qalxdıqdan az sonra salonu xəfif tüstülənmə və kabel yanığı qoxusu bürüyüb, oksigen maskaları açılıb. Həyəcanı təsəvvür edirsiz yəqin… Az sonra kapitan hər şeyin yolunda olduğunu bildirib, amma bu necə “hər şey yolunda” olubsa, salonda havalandırma işləməyib. Sərnişinlər deyirlər, istilik 40 dərəcəyə yüksəlib. Uşaqlar heç dözmürmüş… Öncə Gəncədə qəza enişi etmək istəyiblər, sonra marşrutu dəyişməmək qərara alınıb və bir təhər Bakıya çatdırılıb.

Naxçıvan və digər daxili reyslərdə keyfiyyətsiz xidmət AZAL-ın iş prinsipinə çevrilib. Ən köhnə uçaqlar daxili reyslərə verilir. Bu olay da göstərir ki, texniki baxış əlüstü həyata keçirilir. Bu dəfə məftil sadəcə tüstülədi, birdən tüstü alova keçsə? Allah qorusun…”

Qeyd edək ki, ötən gün “Azərbaycan Hava Yolları” hadisə ilə bağlı rəsmi açıqlama yaymışdı. Məlumatda qeyd olunurdu ki, aviaşirkətin Naxçıvan-Bakı reysi (J2-256) üzrə uçan təyyarəsinin göyərtəsində salonun hermetikliyinin pozulmasını göstərən sensorun işə düşməsi nəticəsində oksigen maskaları açılıb.
Məlumata görə, təyyarə yerli vaxt ilə saat 20:01-də ştat rejimində Heydər Əliyev Beynəlxalq Hava Limanına uğurla eniş edib.