Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbində “Yaşıl dünya naminə həmrəylik ili” və “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi”nə həsr olunan “Yaşıl məktəb” layihəsi çərçivəsində ağacların əkilməsi prosesinə start verilib.
Gununsesi.info xəbər verir ki, ağacəkmə aksiyasında dövlət rəsmiləri də iştirak ediblər.
Açılış tədbiri Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə baş tutan aksiyada əvvəlcə təhsil nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Elxan Nəcəfov və ekologiya və təbii sərvətlər nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Xanlar Mustafayev layihənin önəmi, dövlət başçısının Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamlarının əhəmiyyətindən danışıb, bu sahədə görüləcək işləri diqqətə çatdırıblar.
Sonra isə Naxçıvan şəhər uşaq bağçalarının hazırladıqları kompozisiyaya və məktəb şagirdlərinin “Yaşıl məktəb” layihəsi ilə bağlı fləşmobuna baxış olub.
Sonda məktəbin həyətyanı sahəsində şagirdlərin, pedaqoji heyətin, valideynlərin və ekokönüllülərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.
Qeyd edək ki, layihə çərçivəsində bu gün Naxçıvan şəhərinin bütün ümumtəhsil, peşə təhsili və məktəbdənkənar təhsil müəssisələrinin həyətyanı sahələrində ümumilikdə 1100 ədəd meyvə və dekorativ ağaclar əkilmişdir.
Növbəti günlərdə muxtar respublikanın digər məktəblərində də ağacəkmə aksiyası davam etdiriləcək. Aksiyalar könüllü olaraq təhsil müəssisələrinin kollektivlərinin, valideynlərin, ekokönüllülərin və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata keçiriləcəkdir. “Yaşıl məktəb” layihəsinin məqsədi ətraf mühitin qorunması, şagird və tələbələrdə təbiətə qayğı hissini, ekoloji mədəniyyəti və maarifləndirməni inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdır.
Gununsesi.info