
Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərovun sədrliyi ilə 2024-ci ilin birinci yarısında muxtar respublikanın ədliyyə orqanlarında görülən işlərə və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib.
Gununsesi.info xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən nazir müavini bildirib ki, 2024-cü ilin birinci yarımilində ölkəmiz üçün əlamətdar hadisə olan prezident seçkiləri keçirilib və Azərbaycan xalqının iradəsini ifadə edən, Azərbaycan Respublikasının ərazi bütövlüyünü tam şəkildə bərpa edən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev seçkilərdə qalib gəlib. “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ədliyyə orqanlarında uğurla həyata keçirilib, nazirliyin 2024-cü ilin birinci yarımilinə dair iş planına 07 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar bənd əlavə olunmuş və icrası təmin edilib.
Nazirliyin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində yaradılmış 3 saylı Babək-Şahbuz-Kəngərli Dairə Seçki Komissiyasının 65 saylı seçki məntəqəsində məhkumların və həbs edilmiş şəxslərin konstitusion hüquqlarının azad şəkildə reallaşdırılması tam şəkildə təmin edilib. Eləcə də, nazirliyin əməkdaşları tərəfindən əhalinin maarifləndirilməsi məqsədilə media subyektlərində məqalələr dərc edilib, çıxışlar edilib, penitensiar müəssisələrdə tədbirlər keçirilib və Naxçıvan Dövlət Televiziyasında yayımlanan verilişlərdə seçkilərlə bağlı verilən suallar cavablandırılıb.
Dövlət başçısı cənab İlham Əliyev tərəfindən imzalanmış “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamın icrası və “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü” ilə bağlı silsilə tədbirlər keçirilib.
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamının icrası məqsədilə nazirliyin və Penitensiar Xidmətin kollektivi tərəfindən 700 ağac tingi əkilmiş, Ədliyyə Nazirliyinin yaşıllıq zonalarında əməkdaşların təşəbbüsü ilə mütəmadi olaraq tədbirlər keçirilmiş, ağaclara aqrotexniki qulluq göstərilib. Bu sahədə iş nazirliyin bütün kollektivi tərəfindən daim diqqətdə saxlanılmış, əməkdaşlar bu işə özlərinin cəmiyyət və gələcək nəsillər qarşısında ictimai borcu kimi yanaşıblar.
Hesabat dövründə penitensiar sahədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində işlər davam etdirilən, məhkum və həbs edilmiş şəxslərin hüquqları qorunmuş, onlarla profilaktik tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış və təhlükəsizlik tədbirləri gücləndirilmiş, İstintaq Təcridxanasına gətirilmiş həbs edilmiş şəxsin qəbul edilməsi zamanı ona məxsus əşyalarda narkotik maddə aşkar edilərək götürülüb. Nazirliyin rəhbərliyi Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində olaraq məhkumlarla görüşüb, onların saxlanma şəraiti, tibbi təminatı, islah prosesi və asudə vaxtlarının təşkili ilə yaxından maraqlanmış, infrastrukturun abadlaşdırılması, islah işinin səmərəli təşkili və göstərilən tibbi yardımın yaxşılaşdırılması ilə bağlı məsul şəxslərə tapşırıqlar verib.
2024-cü ildə nazirliyin fəaliyyət istiqamətləri üzrə iş yükünün əvvəlki illərə nisbətən çoxaldığı vurğulanaraq qeyd olunub ki, Məhkəmə Ekspertizası Mərkəzində ötən ilin eyni dövrü ilə müqayisədə daxil olan işlərin sayı 82 iş artaraq 723-ə çatıb, ekspertlər 1404 suala cavab verməklə qaldırılmış məsələlərin həllində 100%-lik göstəriciyə nail olublar.
Əhalinin hüquq mədəniyyətinin artırılması və maarifləndirilməsi işi diqqət mərkəzində saxlanılmış, nazirliyin və tabe qurumların əməkdaşları müxtəlif mövzularda media subyektlərində çıxışlarını davam etdirmiş, əməkdaşların elmi mövzularda yazdıqları məqalələri xarici ölkələrin elmi-nüfuzlu jurnallarında dərc edilib.
Ötən dövr ərzində vətəndaşların qəbuluna diqqət yetirilmiş, Şərur, Babək, Ordubad, Şahbuz və Kəngərli rayonlarında, eləcə də mütəmadi olaraq nazirlikdə vətəndaşların qəbulu həyata keçirilib.
Məhkəmə qərarlarının icrası istiqamətində 4842 icra sənədi daxil olmuşdur ki, bu da ötən dövrlə müqayisədə 1474 iş və ya 43,7% çox olub. Bununla belə hesabat ilində 2614 sənədin icrası təmin edilmiş, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 917 iş artıq olmaqla, icra edilmiş işlər 54% təşkil edib (ötən il icra faizi 50,3% olmuşdur). Ötən il görülmüş icra tədbirləri nəticəsində 6.831.900 manat məbləğində tələbkarların xeyrinə pul ödənilmiş, cari ildə isə bu məbləğ 9.189.418 manat təşkil edib ki, bu da ötən dövrlə müqayisədə 34,5% çox olub.
Həmçinin ötən dövrdə 101.772,9 manat icra ödənişlərinin tutulması təmin edilmiş, cari ildə isə bu məbləğ 139.399,96 manat təşkil edib (36,96% artıq).
Ötən dövr ərzində yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının müdafiəsi ilə bağlı aliment tələbi üzrə işlərə xüsusi diqqət yetirilib.
Probasiya sahəsində daxil olan işlərin sayı ötən dövrlə müqayisədə 62%-dən çox artmışdır. Hazırda 56 məhkuma elektron sistemlə gündəlik nəzarət edilir və texniki vasitələrin sazlığı diqqət mərkəzində saxlanılır.
Cəzaların icrası ilə bağlı dövlət büdcəsinə 41.664 manat məbləğində ödəmələr təmin edilən (ötən il bu rəqəm 5.680 manat təşkil etmişdir), nəticədə dövlət büdcəsinə ödəmələr ötən ilin eyni dövrü ilə müqayisədə 35.984 manat və ya 7,3 dəfə çox olub.
Qanunvericilik sahəsində reyestrə 2744 hüquqi akt daxil edilib. Bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2685 iş və ya 47 dəfə çox olub. Hesabat dövründə qəbul edilmiş hər bir hüquqi aktın dövlət reyestrinə daxil edilməsi işi diqqətdə saxlanılmış, hüquqi aktların layihələrinə rəy verilməsi prosesinə diqqət və tələbkarlıq artırılıb, vizalanma ilə bağlı prosedur qanunvericiliyə uyğun olaraq həyata keçirilib.
Qeydiyyat və notariat sahəsində göstərilən xidmətlər üzrə vətəndaş məmnunluğunun yüksəldilməsi, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin vəziyyətinə nəzarət olunub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin və nazirliyin birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən bütün bələdiyyələrin iştirakı ilə konfrans keçirilib. Hesabat dövründə muxtar respublika üzrə fəaliyyət göstərən bələdiyyələrin qəbul etdikləri qərarların inzibati nəzarəti həyata keçirən orqana- nazirliyin Bələdiyyələrlə iş mərkəzinə portal vasitəsilə göndərilməsi işinə başlanılıb. Hazırda bələdiyyələrin portala qoşulması işi davam etdirilir.
Nazirliyin və tabe qurumların kadr potensialının yaxşılaşdırılması üzrə yerli icra və probasiya qurumlarında vakant olan icra məmuru vəzifələri üzrə müsabiqə elan edilmiş, nazirlikdə və tabe qurumlarda çalışan və attestasiya vaxtı çatmış əməkdaşların attestasiyası keçirilib.
İclasda ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Emin Kazımov penitensiar sahədə görülən işlərdən bəhs etmiş, xidmətin fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, məhkumların hüquqlarının təmin olunması, onların islah prosesinin səmərəli təşkili və digər məsələlərlə bağlı həyata keçirilən işlər barədə məlumat verib.
Həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, baş ədliyyə müşaviri Rafiq Cəfərovun, nazirliyin İcra və probasiya şöbəsinin rəis müavini, kiçik ədliyyə müşaviri Rəşad Allahverdiyevin, Qeydiyyat və notariat şöbəsinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi, kiçik ədliyyə müşaviri Reyhan Sadiqovanın məruzələri dinlənilib.
Görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələr müzakirə edilib, insanlara qayğılı münasibət göstərilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi, şəffaflığın artırılması, nizam intizama, etik davranış qaydalarına dönmədən riayət olunması və hüquqi maarifləndirmə tədbirlərinin kəmiyyət və keyfiyyət olaraq artırılması ilə bağlı konkret tapşırıqlar verilib.
Sonda nazirliyin kollegiya qərarı qəbul edilərək cari məsələlər həll edilib.
Gununsesi.info