Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə 15 və 16 yaşadək futbolçular üçün seleksiya günü təşkil olunub.
Gununsesi.info xəbər verir ki, məşqlərdə Muxtar respublikanın müxtəlif rayon və şəhərlərindən ümumilikdə 60-a yaxın yeniyetmə iştirak edib.
Onlar əvvəlcə məşqçilər tərəfindən verilən tapşırıqları icra edib, daha sonra ikitərəfli oyunlarda nəyə qadir olduqlarını göstərməyə çalışıblar.
Muxtar respublikada, eləcə də “Araz-Naxçıvan” PFK-nın akademiyasında çalışan futbol məşqçiləri potensiallı və perspektivli futbolçuları müəyyən ediblər.
Bildirilir ki, seçilən yeniyetmələrdən ibarət komanda formalaşdırılacaq və onlar mütəmadi olaraq məşqlərə və oyunlara cəlb olunacaqlar.
İnkişaf edən və fərqlənən futbolçular gələcəkdə “Araz-Naxçıvan” PFK-nın akademiyasına qəbul olunacaqlar.
Qeyd edək ki, bu seleksiya xarakterli məşqlər hər həftə təşkil olunacaq, növbəti məşqdə qapıçılarla bağlı seçim ediləcək.