Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027- ci illər üçün Dövlət Proqramı” üzrə Əlaqələndirmə Qrupunun onlayn formatda ilk iclası keçirilib.
Bu barədə Gununsesi.info İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Dövlət qurumlarının nümayəndələrinin qarşılıqlı müzakirələri formatında keçən iclasda Prezident Administrasiyasının, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin, Azərbaycan Respublikasının İqtisadiyyat, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Gömrük Komitəsinin, Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak edib.
İclasda qeyd olunub ki, Azərbaycan Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının məqsədləri davamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması sayəsində Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi və ölkə iqtisadiyyatına tam inteqrasiyasının təmin edilməsidir.
11 prioritet üzrə 81 tədbirdən ibarət olan Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin daha effektiv və keyfiyyətli icrası məqsədilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində İqtisadiyyat Nazirliyinin rəhbərliyi altında xüsusi Əlaqələndirmə Qrupu yaradılıb.
İclasda bildirilib ki, hazırda Komissiyanın tərkibində sosial-iqtisadi sahələr üzrə 25 işçi qrupu, 4 alt qrup və Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupu fəaliyyət göstərir. Qeyd olunan qruplarda ümumilikdə 600-dən çox üzv, o cümlədən özəl sektor, biznes assosiasiyası, qeyri-hökumət təşkilatı və akademik müəssisələrin nümayəndələri fəaliyyət göstərir.
Tədbirlər Planının əsas icraçı qurumlarının nümayəndələri tərəfindən müvafiq layihələr üzrə görülmüş işlər və cari il üçün qarşıya qoyulan məqsədlər barədə məlumat verilib.
İclasda Əlaqələndirmə Qrupunun fəaliyyəti üzrə 2024-cü il üçün Yol Xəritəsinin layihəsinin hazırlanması üçün konkret istiqamətlər müəyyənləşdirilib və Dövlət Proqramı çərçivəsində müvafiq yeni qanunverilicik və təşəbbüs layihələrinin Komissiyanın rəqəmsal idarəetmə platforması vasitəsilə digər işçi qruplarında özəl sektorun iştirakı ilə müzakirəyə çıxarılması ilə bağlı mexanizmin ilkin layihəsinin hazırlanması və münasibət bildirilməsi üçün əlaqələndirmə qrupunun üzvlərinə göndərilməsi barədə qərar qəbul edilib.
Gununsesi.info