Naxçıvanın muxtar respublika statusu ləğv edilir? 

Naxçıvanın Muxtar Respublika statusunun ləğvi ilə bağlı iddia irəli sürülür. Buna səbəb olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin  (DTX) ləğv edilərək DTX-nin Naxçıvan Baş İdarəsinin yaradılması göstərilir. Bəzi ekspertlər hesab edir ki, Azərbaycanın tərkibində ayrıca respublikanın olmasına ehtiyac yoxdur.

Naxçıvanın Muxtar Respublika statusunun ləğvi gözləniləndirmi? İndiki məqamda buna ehtiyac varmı?

HTML tutorial

Naxçıvanı parlamentdə təmsil edən deputat Eldar İbrahimov məsələ ilə bağlı Modern.az-a danışarkən bu iddianın yersiz və əsassız olduğunu vurğulayıb.

Deputat qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının ləğvinə ehtiyac yoxdur:

“Muxtar Respublika Azərbaycanın tərkibində 1921-ci ilin 13 oktyabrında 5 dövlətin – Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və Ermənistanın imzaladığı müqavilə ilə yaradılıb. Muxtar Respublikanı hansısa iddia ilə, elə-belə ləğv etmək mümkün deyil. Qanunamüvafiq yaradıldığı kimi, ləğv prosesi də qanunamüvafiq edilməlidir. Ümumilikdə isə Naxçıvan muxtar respublika olaraq Azərbaycan Konstitusiyasında yer alıb. Bu kiminsə sözü ilə ləğv edilə bilməz”.

“Şəxsən mən bu məsələyə inanmıram və tərəfdarı da deyiləm. Naxçıvan Muxtar Respublikasının ləğvinə heç bir ehtiyac yoxdur. Əvvəla, Naxçıvan məsafə olaraq Azərbaycandan xeyli aralıda yerləşir. Muxtar Respublikadır, özünün parlamenti, icra strukturu var. Bölgədə 7 rayon, şəhərə rəhbərlik həyata keçirilir. Naxçıvan azad zonada yerləşən bölgə deyil ki, onun muxtariyyəti asanlıqla ləğv edilsin. Gələcəkdə kommunikasiya əlaqələri yaradılsa belə, məsafə baxımından Naxçıvanın muxtar respublika statusu ləğv edilməməlidir. Sadəcə statusun ləğvi üçün səbəb yoxdur”, – deyə parlamentari vurğulayıb.

Gununsesi.info