Naxçıvanın yeni DİN rəhbəri haqqında yadda qalanlar - İSA QƏMBƏRƏ "BARMAĞINI QIRARAM" DEMİŞDİ

  • By admin
  • 28 Dekabr 2022 21:30

Məşhur polis zabiti Süleyman Nemətovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin olunması birmənalı qarşılanmayıb.

Belə ki, sosial şəbəkələrdə yeni  nazirin illər öncəki fəaliyyəti xatırladılıb.

Gununsesi.info Süleyman Nemətovla bağlı illər öncə yaddaşlarda qalan bəzi məqamları xatırladır .

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Babək Rayonunun Nehrəm kəndindən olan Süleyman Nemətov Bakıdakı kütləvi aksiyalarda vətəndaşlara davranışı ilə xüsusi seçilib.

Dəfələrlə onun aksiya iştirakçıları ilə davranışı ilə bağlı hüquq müdafiəçiləri tərəfindən o zamanki DİN rəhbəri Ramil Usubova şikayətlər edilib.

“Çakır” ləqəbli Nemətov barəsində ən çox yadda qalan olay isə onun Müsavat başqanı İsa Qəmbərə “barmağını qıraram” deməsi olub.

Aksiyaçılara qarşı xüsusi qəddarlığı ilə seçilən Nemətov zarafatları ilə də yaddaşlarda iz salmağı bacarıb.

Hazırda ABŞ -da yaşayan fəal Səid Nuri Nemətov haqqında bunları yazmışdı:

“Süleyman Nemətov mənə deyirdi  ki, mitinq olanda sevinirəm. Çünki, sizləri  döyəcəm. Deyirdim  ki, ay Süleyman müəllim, bəs eşitməmisən ki, Süleymana qalmayan dünya heç kəsə qalmır. Cavabında isə demişdi ki, Süleyman peygəmbər naxçıvanlı olsaydı, dünya  ona qalardı”.

 

Qeyd edək ki, Süleyman Nemətovun polis baş leytenantı kimi kütləvi aksiyalarda fəallığı DİN rəhbərliyi tərəfindən qiymətləndirilib və o, ötən illərdə polkovnik rütbəsi almaqla idarə rəisi kürsüsünə qədər yüksəlib.

Yeni nazirin illər öncəki fotolarından bəzilərini təqdim edirik:

Gununsesi.info