“Naxçıvanla quru yolu Avropaya yeni qapımız olacaq” – DEPUTAT

  • By admin
  • 02 Dekabr 2020 12:37

Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru yolunun açılması tarixi əhəmiyyət daşıyır.

Gununsesi.org bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat xatırladıb ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiyanın Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli bəyanatın 9-cu maddəsinə əsasən bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir:

“Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir.

Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu gün biz Naxçıvanla birbaşa ancaq hava yolu ilə əlaqə yaradırıq. Amma üçtərəfli bəyanatın 9-cu bəndinin icrasından sonra Naxçıvanı Azərbaycanın digər ərazisi ilə həm avtomobil yolu, həm də dəmir yolu birləşdirəcək. Bu nəqliyyat kommunikasiyasının açılması həm də yeni beynəlxalq nəqliyyat tranzit dəhlizinin meydana gəlməsi deməkdir.

Bu marşrutun uzunluğu Gürcüstandan keçən mövcud yollardan 300 kilometrdən çox qısadır. Bu o deməkdir ki, açılacaq Naxçıvan marşrutu iqtisadi cəhətdən daha sərfəli olacaq. Bu həm də birbaşa Türkiyə vasitəsilə Avropaya açılacaq yeni qapımız deməkdir. Bakı-Naxçıvan nəqliyyat dəhlizi Azərbaycandan keçən tranzit daşımaların həcmini bir neçə dəfə artıracaq. Bununla da Azərbaycan yerləşdiyi coğrafi məkandan ölkə iqtisadiyyatının inkişafı üçün tam şəkildə səmərəli istifadə etmiş olur.

Bu gün koronavirus infeksiyasına görə iqtisadiyyatın bir çox sahələrində məhdudiyyətlər tətbiq olunduğundan qeyri-neft sektorundan dövlət büdcəsinə gəlirlər azalıb. Düşünürəm ki, nəqliyyat dəhlizlərinin şaxələnməsi gələcəkdə iqtisadiyyatımıza hər hansı təsirlərin azalmasında əhəmiyyətli rol oynayacaq və dövlət büdcə gəlirlərinin artmasına töhfə verəcək”.

Gununsesi.org