Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev “Mənim həyatım” adlı xatirələr kitabında ikinci arvadı və daha iki oğlu olduğunu ilk dəfə etiraf edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Orda.kz” saytı məlumat yayıb.
Bu xatirələrdə keçmiş Qazaxıstan lideri Asel İsabayeva ilə münasibətindən yazıb. O qeyd edib ki, 2005-ci ildə oğulları Tauman, 2008-ci ildə isə Bayken dünyaya gəlib.
Nazarbayev qadını ilk dəfə Qazaxıstanın cənub-şərqində yerləşən Taldıkorqan şəhərinə səfəri zamanı görüb. O, respublika rəhbərini təyyarənin pilləkənlərində gül dəstələri ilə qarşılayıb.
Eks-prezident qeyd edib ki, İsabayevanın simasını unuda bilməyib və günlərin birində onun “Miss Qazaxıstan” müsabiqəsində Qran-pri qazandığını öyrənib. Bundan sonra Nazarbayev onu tapıb.
O, iddia edir ki, o andan etibarən “illərlə davam edən ruhi tənhalıqdan qurtulub”.
Nursultan Nazarbayev 1940-cı il iyulun 6-da Qazax SSR-in Alma-Ata vilayətində anadan olub. 1989-cu ildə Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1990-cı ildə isə Qazaxıstan SSR-in prezidenti olub.
1991-ci il dekabrın 16-dan 2019-cu il martın 20-dək Qazaxıstan Respublikasının Prezidenti vəzifəsində çalışıb, 1991, 1999, 2005, 2011 və 2015-ci illərdə keçirilən prezident seçkilərində qalib gəlib.
2019-cu ildə prezidentlik postunu tərk edərək, Qazaxıstan Konstitusiya Şurasının üzvü olub, 2023-cü ilin yanvarında bu vəzifəni tərk edib. 2019-cu ilin martında əvvəllər Qazaxıstan Parlamenti Senatına rəhbərlik etmiş Qasım-Jomart Tokayev respublikanın yeni prezidenti olub.
Gununsesi.info