Nazim Bəydəmirli: “Cinayət törətmədiyimin əsas şahidləri Baş Prokuror, DİN rəhbəridir”

  • By ilhame
  • 10 İyun 2024 19:52

Bugün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Nazim Bəydəmirlinin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Gununsesi.info xəbər verir ki, məhkəmədə vəkillər Bəydəmirlinin ev dustaqlığına buraxılmasına dair vəsatət verib.

Bir ildir həbsdə olan keçmiş deputat səhhətində ciddi problemlər var olduğunu deyərək, əlavə edib ki, təcili müalicə olunmalıdır.

Onun sözlərinə görə, sağlıq durumu nisbətən yaxşılaşandan sonra yenidən həbsə göndərilməsinə razıdır.

 

Mən heç bir cinayət törətməmişəm. Sadəcə, bir yanlış məlumat üzərindən həbs olunmuşam. Səhhətimdə çox ciddi problemlər var. Ailəm, övladlarım narahat olmasın deyə, dilə gətirmirəm. Məni buraxın, sağalım, sonra yenə tutun“.

 

Vəkil Aqil Layic isə deyib ki, N.Bəydəmirlinin yaşayış yeri məlumdur, məhkəmədən yayınmaq niyyəti yoxdur. Müdafiəçi vurğulayıb ki, müvəkkilinin cinayət törətməsini təsdiqləyən heç bir sübut yoxdur.

N. Bəydəmirli deyib ki, onun cinayət törətməməsinin əsas şahidləri Daxili İşlər naziri Vilayət Eyvazov, Baş Prokuror Kamran Əliyev, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev, digər idarə rəisləridir:

 

Mən illərlə şikayətlər eləmişəm, qəbullarda olmuşam. Bir yanlış məlumat üzərindən cəzalandırıldım. Mənə qarşı qara piar aparıldı və şikayətçi olduğum adamdan özümə qarşı istifadə edildi”.

 

Sabiq deputat həbsdə saxlanmasını antihumanist addım sayır. O, oğlunun Koç Universitetinin doktorantı olduğunu və Amerikada güvənlik qurumuna işə götürüldüyünü vurğulayıb:

 

Ona tapşırmışam ki, harada işləsə də, Azərbaycanın mənafeyini üstün tutsun“.

 

Hakimlər N.Bəydəmirlini ev dustaqlığına buraxmaqdan imtina ediblər. Əsaslandırma da belə olub ki, həbsdən buraxılsa, məhkəmədə dindiriləcək şahidlərə təsir göstərə bilər.

 

Onu da vurğulayaq ki, məhkəmədə şahidlər gəlmədiyindən proses təxirə salınıb. Hakimlər isə məzuniyyətə çıxıb.

 

Afət Abbasova

Gununsesi.info