Nazim Bəydəmirli: “Rasim Məmmədov başqalarına etdiyi cinayətlərə görə cəzalandırılmayıb”

  • By admin
  • 29 Dekabr 2022 10:24

Xəbər verdiyimiz kimi “Baku Steel Company” -nin sahibi Rasim Məmmədov 14 il azadlıqdan məhrum edilib.

Gununsesi.info vaxtilə Rasim Məmmədovun cinayətlərinin qurbanı olan iş adamı Nazim Bəydəmirlinin bu hökmlə bağlı fikirlərini təqdim edir:

“Azərbaycan reallığında cavabları əvvəlcədən bəlli olan suallar: Rasim niyə 14 il həbsə məhkum olunub, nə qədər və kimdən mənimsəyib? Dövlət bu işin harasındadır?
Adam 2009-2014-cü illərdə açıq aydın başqalarının biznesinə əl qoyub, reketçiliklə, quldurluqla, vergi-gömrük məbləğlərini büdcədən yayındırmağa və digər çoxsaylı cinayətlərinə görə deyil, öz sahiblərindən, onu vitrinə çıxardanlardan “mənimsədiyinə görə” girov götürülmüş və dünən məhkəmə hökmü ilə 14 il azadlıqdan mərhum edilmişdir.

Xatırladım ki, başqalarına, o cümlədən mənə qarşı etdiyi cinayətlərə görə hələ mühakimə edilməyib. Mənim təxmini hesablamalarıma görə, ən azı “mənimsənildiyi” deyilən pul qədər hər il şirkətin real gəlirlərini gizlədib, vergidən yayındırmaqla əsas hissəsini öz kurator-patronları ilə bölüşüb, təkrar edirəm, ümumilikdə deyil, hər il. Sonradan patronları onun yaşam tərzinə baxıb bu qənaətə gəliblər ki, Rasim Məmmədov “qudurub”, ona icazə verildiyindən, yəni bölüşdürülməli vəsaitdən daha çox götürüb, sadə dildə desək “atıb”.

Məmur sahibkarlığın maşası olan “biznesmen Rasim Məmmədov” dövlətin əli ilə cəzalandırıldı. Hər şey bu qədər sadədir!

Təkrar etməkdə fayda var: Hörmətli “biznes adamları” iddiasında olan şəxslər, siz Rasim Məmmədov kimi olmayın, ağıllı olun!

Gununsesi.info