Nazim Bəydəmirli: “Rasim Məmmədovla bağlı hökm ədalətli deyil” - TEZLİKLƏ AZADLIĞA ÇIXACAQ

  • By admin
  • 05 Yanvar 2023 16:01

Xəbər verdiyimiz kimi, “Baku Steel Company” nin keçmiş rəhbəri Rasim Məmmədov 14 il azadlıqdan məhrum edilib.

Vaxtilə, Rasim Məmmədov tərəfindən qanunsuz münasibətlə üzləşən keçmiş deputat Nazim Bəydəmirli

Gununsesi.info-ya açıqlamasında həbs edilən iş adamı ilə bağlı məhkəmə qərarını şərh edib.

Saytımıza açıqlamasında Nazim Bəydəmirli deyib ki, Rasim Məmmədovla bağlı məhkəmə  araşdırmasını obyektiv hesab etmir: “Rasim Məmmədovla bağlı cinayət işi çoxsaylı epizod üzərində aparılmalı idi. Çünki, onun indiyədək Azərbaycanda onlarla insana qarşı qanunsuzluqları var və ötən illər ərzində onun bu qanunsuzluqlarına göz yumulmuşdur. Ona görə də hesab edirəm ki, Rasim Məmmədova Bakı Ağır Cinayətlər  Məhkəməsinin çıxardığı hökm heç də ədalətli deyil. Rasim Məmmədov 2009-2012-ci ilin ortalarında, eyni zamanda 2014-cü ilərdə də metallurgiya sahəsində çalışan iş adamlarına qarşı misli görünməmiş monopoliya qaydaları həyata keçirdi.

Təsəvvür edin ki, günün günorta çağı 20-dən yuxarı müəssisələrə hücum çəkilirdi. Bütün istehsalçıları sıradan çıxarırdılar. Bizim müəssisəmiz  Türkiyə-Azərbaycan birgə müəssisəsi idi. Rasim Məmmədov zəbt edənə kimi 5 ölkəyə rəsmi məhsul satırdıq. Bütün dövlət ödənişlərimiz zamanında ödənilirdi. Həmin dövrdə  Prokurorluğa, DİN-nə,  İqtisadiyyat Nazirliyinə  və başqa dövlət qurumlarına şikayətlərimiz olub. Ancaq bunlar nəticəsiz qalırdı. Rasim Məmmədov heç kəsi tanımırdı. Bu cinayətləri törədən zaman həbs olunmadı. Əksinə, daha da gücləndirildi”. 

Nazim Bəydəmirli deyir ki, Rasim Məmmədov həbs ediləndə o da zərərçəkmiş kimi tanınmasını istəyib: “O, həbs ediləndə mən də adiyyatı üzrə şikayətlər elədim. Ancaq məni zərərçəkən kimi tanımadılar. Bu isə o deməkdir ki, Rasim Məmmədovu  etdiyi cinayətlərə  görə deyil, öz sahibləri ilə arasındakı haqq-hesabda dələduzluq etdiyinə görə cəzalandırıblar. Bu gün ona 14 il cəza verilib. Amma ortada Azərbaycan reallığı var. Bu cür adamlar həbsdə çox qalmır. Dövlətə kifayyət qədər ziyan vursa  da 3-4 il sonra azadlığa çıxırlar. O, başqa cinayətlərinə görə mühakimə olunmayıb. Mən isə  öz işimlə bağlı mübarizəmi davam etdirirəm. Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişəm. Bu məhkəmədən cavab gözləyirəm və ümid edirəm ki, gec də olsa mənə vurulmuş 10 milyon ziyanı alacağam”.

 

Adil Elxanoğlu

Gununsesi.info