Nazim Bəydəmirli şikayətçisi olduğu işə görə həbs olunub - SABİQ DEPUTATIN VƏKİLİ DANIŞDI

“Nərimanov rayon Məhkəməsi keçmiş deputat Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 182-ci maddəsilə (Hədə-qorxu ilə tələb etmə) ittiham olunur”.

Bunu Gununsesi.info-ya açıqlamasında DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilən sabiq deputat Nazim Bəydəmirlinin vəkili Aqil Layic bildirib.

Onun sözlərinə görə, uzun müddətdir ki, Bəydəmirlinin də səhmdarı olduğu “Avto-Qarant” ASC-də pay bölgüsü ilə bağlı mübahisələr var idi:

“Bu iş üzrə Nazim Bəydəmirli özü DİN-ə müraciət etmişdi və araşdırmalar gedirdi. İndi özünün şikayətçi olduğu iş üzrə özünü həbs ediblər. Nazim Bəydəmirli ittihamları rədd etdi və bildirdi ki, onu Gədəbəyin Söyüdlü kəndindəki ekoloji etirazlarla bağlı həbs ediblər. Sabah qərardan apellyasiya şikayəti verəcəyik”.

Bəydəmirli məhkəmədə deyib ki, o, səhmdarı olduğu “Avto-Qarant” ASC-nin iclasında şirkətin xərclərilə bağlı məlumatların ictimailəşdirilməli olduğunu bildirib.

Buna görə də “rüsvayedici məlumatların dərc edilməsi hədəsilə” həbs olunduğunu bildirib.

Onu da qeyd edək ki, Nazim Bəydəmirli öz şikayəti ilə bağlı DİN rəhbəri Vilayət Eyvazovun qəbulunda olub. O, həmçinin “Bandotdel” rəisi tərəfindən də dinlənilib və ona probleminin həllinə dair vəd verilib.

Onu da bildirək ki, Gədəbəy hadisələrindən sonra Nazim Bəydəmirlinin həbs olunacağına dair xəbərlər yayılsa da DİN-nin Şöbə rəisi Elşad Hacıyev Gununsesi.info-ya bu iddianı təkzib etmişdi. Vətəndaşı öz şikayətinə görə həbs etmək Azərbaycanda ilk presedentdir.

 

Elmar Elnuroğlu

Gununsesi.info