Həbsdə olan sabiq deputat Nazim Bəydəmirli Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.
Gununsesi.info-ya daxil olan müraciətində Nazim Bəydəmirli İlham Əliyevə fevralın 7-də növbədənkənar prezident seçkilərində uğurlar arzulayıb və qeyd edib ki, keçən ilin iyul ayının 4-də qondarma, əsassız “cinayət”’ işi başladılaraq həbs olunub.
“Həbs olunmamışdan iki həftə qabaq doğulduğum 2005-ci illərdə millət vəkili kimi təmsil etdiyim Gədəbəy rayonunda Söyüdlü hadisələri kimi qiymətləndirilən, Qızıl Emalı Zavodu ilə yerli sakinlər arasında yaranmış polis müdaxiləsinə şərait yaratmış və KİV-də internet resuslarında müxtəlif vediolar, səkillər yayılmışdır.
Bu hadisələrdən hamı kimi mən də sosial şəbəkələrdən məlumat almışam, bir neçə gün ərzində mənə müraciət edən yerli və xarici KİV nümayəndələrinə bəzi açıqlamalr, müsahibələr vermişəm. Bu açıqlamalarımda dövlətimizin , xalqımızın mənafeyinə zidd olan heç bir cümlə ifadə yer almamışdır, əksinə nüfuzundan istifadə edərək yerli sakinlərə sakit olmağı, polis orqanlarının əməkdaşları ilə qarşıdurmaya getməməyi, Dövlət Komissiyasının qərarını gözləməyi səbr etmeyi tövsiyə etmişəm.
Həmçinin qeyd etmişəm ki, 2009-cu ildə sizinlə birlikdə zavodun istismara verilməsi münasibəti ilə açılış mərasimində zavodub rəhbəri Rza Vəziri və Ekologiya Naziri Hüseynqulu Bağırovun məruzələrini dinləmişəm. O zaman sizin ətraf muhitlə bağlı tələblərinizi də şəxsən eşitdiyimi təkrar-təkrar söyləmişəm”, – deyə o əlavə edib.
N.Bəydəmirli bildirib ki, bütun çıxışlarına rəğmən hadisələrdən bir neçə gün sonra yerli saytların birində onun adını “təçkilatçı, yönəldici” kimi qeyd edərək haqqında qara PR kampanyasına start verilib: “Qara PR materiallrı yoxlanılmadan dövlət TV-də həmin materiallar verilmişdir, Milli Məclisdə bəzi deputatlar adımı çəkərək yanlış fikirlər formalaşdırmışdılar. Hüquqi Dövlətə inamım həmin şəxsləri və KİV-ləri mülki qaydada məhkəməyə verməyə məcbur olmuşam və təkzib vermələrini tələb etmişəm. Ancaq mənim tutulmağım haqqında qərar verildiyindən şərlənmə prosesini dayandırmaq mümkün olmayıb və yuxarıda qeyd etdiyim kimi yeddi aydır istintaq təcridxanasında heç bir günahım olmadan saxlanılıram.
İctimai fəaliyyətim dövründə davranışlarımda, çıxışlarımda dövlətimizi mümkün qədər müdafiə etməyə çalışmışam, heç vaxt heç bir məmura yaltaqlıq etməmışəm, hökümətin iqtisadi, siyasi, sosial siyasətində xalqımızın, dövlətimizin xeyrinə ola bilən qərarlara müsbət rəy bildirmişəm, səhv qərarları tənqid etmişəm”.
Nazim Bəydəmirli müraciətində həbsi ilə bağlı dəfələrlə məhkəmə prossesinə etiraz etdiyini qeyd edib. O, müraciətində azadlığa çıxmağı və haqqında başlanmış qondarma cinayət işinin xitam olunması üçün Prezident İlham Əliyevin göstəriş verməyini xahiş edib.
Qeyd edək ki, özünü ekologiya məhbusu elan edən Nazim Bəydəmirli Gədəbəyin Söyüdlü kəndində baş verən etirazlardan sonra özünün şikayətçi olduğu iş üzrə həbs edilib.
Sabiq deputat kənddəki ekoloji fəlakətə etiraz edən sakinlərin tələblərini dəstəklədiyi üçün həbs edildiyini bildirir.
Gununsesi.info