Nazim Bəydəmirlinin səhhətində problem yaranıb

  • By admin
  • 12 Mart 2024 15:29

Həbsdə olan işadamı, keçmiş deputat Nazim Bəydəmirlinin səhhətinin pisləşdiyi bildirilir.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə məlumat verən onun həyat yoldaşı Fəridə Bəydəmirli deyib ki, N.Bəydəmirlinin qan təzyiqi yüksəkdir: “Dünən, martın 11-də Nazimlə telefonla danışdım, bir həftədən çoxdur qan təzyiqi 150/90-dan aşağı düşmür, ürək döyüntüsü yüksəkdir, şiddətli nəfəs darlığı var”.

F.Bəydəmirlinin sözlərinə görə, həyat yoldaşına iki həftədən çoxdur ki, açıq havada gəzintiyə icazə verilmir və onun bununla bağlı müraciətlərinə məhəl qoyulmur. Həmçinin, onun vurğulamasına görə, N.Bəydəmirlinin mülki həkim müayinəsi istəməsi ilə bağlı hələ fevralın 21-də etdiyi müraciət də təmin olunmayıb. Xanımının əlavə etməsinə görə, məsələ ictimailəşəndən sonra ədliyyə hospitalından həkim kardioloq göndərilib: “Həkim Nazimi elektrokardioqrafiya və exokardioqrafiya müayinəsindən keçirib. Tövsiyə edib ki, qan analizi versin, nəticəyə uyğun təcili müalicəyə başlanmalıdır. Lakin həmin həkim mənə Nazimin diaqnozunu demədi və bunu Penitensiar Xidmətin həkimlərindən soruşmağı tövsiyə etdi. Onlardan da soruşdum, doğru düzgün cavab ala bilmədim”.

O, həyat yoldaşının səhhətinə, həyatına görə narahat olduğunu vurğulayıb.

Bu deyilənlərə Penitensiar Xidmət və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən münasibət öyrənmək mümkün olmayıb.

 

Elmar

Gununsesi.info