“Azərbaycanın neft-qaz sektoruna 25 il ərzində 100 mlrd. ABŞ dollarından çox sərmayənin cəlb edilib”.
Gununsesi.org APA-ya istinadən xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazov Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı və ABŞ-ın yüksək səviyyəli hökumət nümayəndələrinin iştirakı ilə keçirilən “Əsrin müqaviləsi: 25 illik uğurlu fəaliyyət” adlı tədbirdə çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, 25 ildə Azərbaycanda yeni neft-qaz layihələrinin işlənilməsindən 146 mlrd. ABŞ dollarından çox gəlir əldə edililib.
““Əsrin müqaviləsi”nin bu ardıcıl nəticələri Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə doğru addımlarını möhkəmləndirir. Eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda həyata keçirilən çoxşaxəli dərin islahatlar kursu ölkənin gələcəkdə də hərtərəfli və davamlı inkişafına güclü dəstəyi təmin edir”.
Energetika naziri Azərbaycanın enerji siyasəti kursunun həyata keçirilməsində xarici enerji şirkətləri ilə tərəfdaşlıq münasibətlərini və ABŞ-ın davamlı dəstəyini yüksək qiymətləndirib. ABŞ ilə münasibətlərdə enerji sektorunun həmişə strateji əhəmiyyət daşıdığını vurğulayan nazir bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanın enerji ilə bağlı bütün təşəbbüslərində qətiyyətli tərəfdaşı olub:
“Qlobal enerji təhlükəsizlik layihəsi “Cənub Qaz Dəhlizi”nin reallaşmasında da ABŞ-ın güclü siyasi dəstəyi mühüm rol oynayıb. Cənub Qaz Dəhlizi Prezident Donald Trampın da ifadə etdiyi kimi enerji sahəsində əməkdaşlığımızın zirvəsidir. Gələn il “Cənub Qaz Dəhlizi”nin tam işə düşməsi ilə birgə əməkdaşlığımızın daha bir uğuruna nail olacağıq”, – deyə nazir əlavə edib.
Qeyd edək ki, tədbirdə ABŞ Dövlət Katibinin Enerji Ehtiyatları üzrə köməkçisi Frensis Fannon, ABŞ Enerji Katibinin muavini Mark Menezes, digər Xəzər regionu ölkələrinin dövlət rəsmiləri və enerji şirkətlərinin nümayəndələri iştirak edib.