
Cari ilin birinci yarımilində 78 mini daimi olan 90 minə yaxın iş yeri açılıb.
Gununsesi.info xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdə keçirilmiş müşavirədə bildirib.
“Torpaqlardan səmərəli istifadə edilməklə, kənd təsərrüfatında ixracyönümlü məhsul istehsalı sektorlarının, o cümlədən pambıqçılığın, tütünçülüyün və s. sürətli inkişafına nail olunması əmək resurslarının 36,7% cəmləşdiyi kənd yerlərində məşğulluğun əhəmiyyətli şəkildə artmasına şərait yaradıb.
Həmçinin sosial mənzillərin inşasına başlanması, rayonlarda sənaye zonalarının yaradılması üçün aparılan işlər, müxtəlif bölgələrdə toxuculuqla, xalçaçılıqla məşğul olanlara dövlət dəstəyi nəticəsində təkcə bu sahə üzrə 5 min iş yerinin yaradılması, ümumilikdə ölkənin əmək bazarında ciddi irəliləyişlərə səbəb olacaq”.
S.Müslümov özünüməşğulluq layihələrinə cəlb olunacaq vətəndaşlara biznesin təşkili ilə bağlı təlimlərin keçirilməsi və onlara biznes fəaliyyətinin inkişaf etdirilməsinə məsləhətlərin verilməsi üçün hər bir rayon və şəhər üzrə təlimçilərin hazırlanması məqsədilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlıq şəraitində görülən işlərdən də bəhs edib:
“Artıq yaxın vaxtlarda bu istiqamətdə praktik işlərə başlanacağını, proqram çərçivəsində aztəminatlı ailələrdən olan 1400 ailənin kiçik ailə təsərrüfatlarının yaradılacağını bildirən nazir vurğulayıb ki, əsas vəzifə proqrama cəlb olunacaq ailələrin bu proqramda iştirak etmək üçün potensiallarının düzgün qiymətləndirilməsi, yaradılacaq ailə təsərrüfatlarının inkişafına nail olunmasıdır.
Çünki məqsəd təkcə o ailələrin yoxsulluq vəziyyətindən çıxarılması deyil, onların gələcəkdə biznes fəaliyyətlərini getdikcə genişləndirmələridir”.
Gununsesi.info