Nazir: “İnsanlar ən qiymətli nemətlərini həkimlərə etibar edirlər”

  • By admin
  • 30 İyun 2016 13:50

oktay

 

 

“Gülüstan” sarayında Azərbaycan Tibb Universitetinin (ATU) tələbələrinin “Məzun Günü” keçirilib. Təntənəli mərasimdə səhiyyə naziri Oqtay Şirəliyev, ATU rektoru, professor Gəray Gəraybəyli, millət vəkilləri, tanınmış ictimai-siyasi xadimlər və səhiyyə işçiləri və digər qonaqlar iştirak edirdilər. Bu haqda Gununsesi.info-ya ATU-nn mətbuat xidmətindən məlumat verilib.

Belə ki, səhiyyə naziri Oqtay Şirəliyev məzunları təbrik edib: “Həyatınızın ən yadda qalan dövrü – tələbəlik illəri bitir, özünüz seçdiyiniz sevimli sənətlə məşğul olmaq üçün sərbəst həyata addım atırsınız. Hər kəs üçün seçdiyi sənət, peşə maraqlıdır. Amma həkim diplomunu almaq daha məsuliyyətlidir. Çünki insanlar ən qiymətli nemətlərini – sağlamlıqlarını, çox vaxt həyatlarını həkimlərə etibar edirlər”.

O.Şirəliyev Azərbaycanda səhiyyə sahəsindəki problemlərə həmişə dövlət səviyyəsində böyük diqqət yetirildiyini xatırladıb: “Cənab prezident İlham Əliyevin təşəbbüsü ilə yüzlərlə yeni xəstəxanalar, tibb müəssisələri, o cümlədən tədris binaları tikilib, bu müəssisələr unikal avadanlıqlarla təchiz olunub. Bu gün bizim həkimlər Avropada və digər ölkələrdə keçirilən müxtəlif simpoziumlarda, tədbirlərdə iştirak edirlər”.

Azərbaycanda həmişə ziyalılara, alimlərə hörmətlə yanaşıldığını bildirən nazir gəncləri tibb sahəsindəki görkəmli alimlərimiz və mütəxəssislərimizin təcrübəsindən yararlanmağa çağırıb. Nazir “Siz bu gün böyük həkim ailəsinə qoşulursuz. Seçdiyiniz sənət bəzən ağır, çətin olacaq, amma daim xeyirxah olacaq. İlk addımlarınız uğurlu olsun”-, deyərək məzunları təbrik edib.

Qeyd edək ki, bu il Azərbaycan Tibb Universitetini 962 nəfər məzun bitirir. Onlardan 71 nəfəri ATU-nun hərbi-tibb fakültəsini bitirib, 83 nəfəri əczaçı-bakalavrdır. Builki məzunlar arasında 50 nəfər hərbi-feldşer də var. Məzunların 84 nəfəri xarici ölkə vətəndaşıdır. ATU-nu fərqlənmə diplomu ilə bitirən 10 nəfərdən 3-ü Prezident təqaüdçüsüdür. Hazırda ATU-da 661 nəfər xarici ölkə vətəndaşı təhsil alır. Onlar 22 xarici ölkəni təmsil edirlər. ATU-nun hazırlıq kursunda 175 müdavim var.

 

oktay1

 

Gülnaz Qənbərli