Bu gün təhsil naziri Mikayıl Cabbarov Lənkəranda Astara, Lənkəran, Lerik Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edib. Təhsil nazirliyi mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə nazirliyin şöbə rəislərinin və rayonların təhsil şöbələrinin müdirlərinin iştirak etdikləri qəbulda Cənub bölgəsinin 50-yə yaxın sakininin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, məktəblərin tikintisi və təmiri, iş yerlərinin dəyişdirilməsi, təhsil haqqı, tələbələrin bir ali təhsil ocağından digərinə köçürülməsi, təhsil krediti, ikinci ali təhsil almaq, əmək müqaviləsinin uzadılması, təhsil haqqından azad olma ilə bağlı olub. Təhsil naziri hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib. Müraciətlərin bir qismi elə yerindəcə öz həllini tapıb. Nazirliyin səlahiyyətinə aid olmayan digər müraciətlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.
Gülnaz Qənbərli