Nazir müavini hərbçilərin icbari şəxsi sığortası sahəsində görüləcək işlərdən danışdı

  • By admin
  • 30 Dekabr 2021 12:05

Sığorta ehtiyatlarının effektiv idarə olunmasından əldə olunan gəlirlər şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi tədbirlərinə yönəldiləcək. Prezident İlham Əliyevin yeni Fərmanına əsasən, hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta üzrə fəaliyyətini və həmin sığorta vəsaitlərinin idarə edilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu həyata keçirəcək.

Gununsesi.info xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, dövlət başçısının təsdiq etdiyi yeni Qanuna uyğun olaraq, artıq yeni ildən nazirlik bu sahədə köklü islahatlara başlayacaq: “İlk mərhələdə hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasının uçot sistemi qurulmaqla yığım prinsipi əsasında həyata keçirilməsi təşkil ediləcək. Bu sahədə inzibatçılığın, xidmətlərin keyfiyyətinin, vətəndaş məmnunluğunun innovativ yanaşmalar tətbiq etməklə təkmilləşdirilməsi təmin olunacaq. Yeni ildən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə idarəçilik və xidmətlərin elektron infrastrukturunun qurulmasına başlanacaq. Bu da fəaliyyət sahəsində müasir, optimal və çevik idarəçiliyin, hərbi qulluqçulara xidmətlərin elektron qaydada, şəffaf və operativ həyata keçirilməsinə şərait yaradacaq”.

Nazir müavini qeyd edib ki, bu, həmçinin sığorta ödənişinin alınması məqsədi ilə hərbi qulluqçuların ötən dövrdə böyük vaxt itkisi ilə üzləşmələri, çoxsaylı sənəd toplamaq məcburiyyətində qalmaları kimi halların aradan qaldırılmasına imkan verəcək: “Hərbi qulluqçulara sığorta ödənişlərinin vaxtında və dayanıqlı şəkildə ödənilməsi təmin edilməklə, sığorta ödənişlərinin dayanıqlığının təminatı məqsədilə sığorta ehtiyatı yaradılacaq. Sığorta vəsaitlərindən daha səmərəli istifadə olunması islahatların əsas prioritetlərindən olacaq. Qeyd olunan sığorta ehtiyatının effektiv idarə olunmasından əldə edilən gəlirlər isə şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, reabilitasiya vasitələri ilə təmin edilməsi, digər dəstəklə təminatı tədbirlərinə yönəldiləcək”.

Anar Kərimov bildirib ki, dövlət icbari şəxsi sığorta sahəsində xidmətlərin “DOST” mərkəzlərində təşkil edilməsi də təmin olunacaq.

Gununsesi.info