Nazir müavini: “Tibbi tullantıların düzgün utilizasiya edilməməsi ciddi risklər yaradır”

Səhiyyə Nazirliyi Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə Bakı Sağlamlıq Mərkəzində tibbi tullantıların düzgün idarə olunmasına dair tibb işçiləri üçün maarifləndirici tədbir keçirilib. 

Gununsesi.info xəbər verir ki, Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev, Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Kommunal Gigiyena bölməsinin rəhbəri Eldar Abdullayev və nazirliyin ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimovun işrak etdiyi maarifləndirici təbdirdə iştirakçılara tibbi tullantıların düzgün idarə olunmasına dair çıxışlar olunub və bu mözvu ətrafında müzakirələr aparılmışdır.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov bir çox hallarda tibbi tullantıların çeşidlənməsinin düzgün aparılmadığını bildirib.

Nazir müavini vurğulayıb ki, tibbi tullantılar bioloji təhlükə törədir: “Bu tullantılar – mikroblar, viruslar xəstə insanların bədənindən ixrac olunur. Bu zaman həmin tullantılar həm tibb işçilərinə, həm də sadə insanlara ciddi təhlükə yarada bilər. Az rast gəlinsə də, kimyəvi zəhərli maddələr ola bilər. Onların da tullantı kimi təbiətə ciddi ziyanı var. Koronavirus zamanı bu məsələ özünü qabarıq göstərdi. Çünki COVID-19 zamanı tibbi tullantıların utilizasiyası ilə bağlı məlumatlar dünyada, eləcə də Azərbaycanda daha çox diqqət çəkdi”.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev tibbi tullantıların idarə edilməsinin təkcə əhalinin qorunması üçün yox, ətraf mühitin mühafizəsi üçün də önəmli məsələ olduğunu bildirib.

R.Hacıyev qeyd edib ki, tibbi tullantıların düzgün idarə olunması onların çeşidlənməsi, toplanması və saxlanılması prosesi ilə başlayır: “Tibbi tullantıların düzgün utilizasiya edilməməsi infeksiyaların yayılması, su mənbələrinin çirklənməsi və təhlükəli maddələrin buraxılması daxil da olmaqla ciddi risklər yaradır. Bu tullantıların tələblərə uyğun daşınması və zərərsizləşdirilməsi əhəmiyyətlidir. Həmçinin bu sahədə aidiyyəti qurumların koordinasiyalı əlaqəli işi önəmli yer tutur. Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən tibbi tullantıların idarə edilməsi sahəsində koordinasiyalı fəaliyyətin təmin edilməsi məqsədilə işçi qrup tullantıların idarə olunması sahəsində mövcud vəziyyətin daha ətraflı öyrənilməsi, bu sahədə problemlərin aradan qaldırılması və zəruri tədbirlərin həyata keçirilməsi üçün təkliflər hazırlayıb. İşçi qrup çərçivəsində bu sahədə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə mütəmadi görüşlər keçirilir və müzakirələr aparılır”.

Nazir müavini vurğulayıb ki, bu sahədə işlər daha da gücləndirilməli və aidiyyəti qurumlarla birlikdə tibbi tullantıların daha səmərəli idarəsinə nail olunmalıdır.

Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov çıxışında bu məsələ ilə bağlı silsilə atılan addımlardan bəhs etdi. Bakı Sağlamlıq Mərkəzində tibbi tullantıların idarə edilməsi ilə bağlı cari vəziyyət,  qazanılmış təcrübə və bu yolda əldə olunan nəaliyyətlərdən nümunələr gətirərək çıxışına davam etdi. Vurğuladı ki, çox profilli xəstəxanalarda infeksiyaya nəzarət vacib məqamlardan biridir.

Mərkəzimiz daxili infeksiyaya nəzarət işlərində kifayət qədər uğurlu nəticələnən sistem quraraq böyük yol qət etmişdir. 24.12.2019 tarixində tərəfimdən əmr hazırlanmış və müvafiq tapşırıqlar verilmişdir.

Tapşırıqlarda tullantıların sinifləndirilməsi, tullantıların şöbələrdə toplanması, çeşidlənməsi, xəstəxana daxilindən xəstəxana xaricinə keçid mübailə məntəqəsinin yaradılması və xəstəxana binasından kənarda utilizasiya üçün adiyyatı təşkilatlara təhvil verilməsini təmin edən müvəqqəti saxlanma zonaları yaraılması qeyd olunmuşdu.

Mərkəzimizdə “İnfeksiyaya Nəzarət Komitəsi” və tədbirlər planı yaradılaraq icra olunmağa başladı. Bugün tam əminliklə deyə bilərəmki, Bakı Sağlamlıq Mərkəzində tibbi tullantıların idarə olunması ilə bağlı bir sistem var.

Bununla bağlı davamlı nəzarət, maarifləndirmə aparılır. Biz tullantıların idarə olunması ilə bağlı təlimatlarımızı Nazirlər Kabinetinin qərarına və beynəlxalq standartlara əsas tutaraq hazırlamışıq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov çıxışında tibbi tullantıların sterilizasiyasından sonra enerji əldə ediləcəyini qeyd etdi.

O bildirib ki, proses növbəti ildən başlaya bilər: “Hazırda Azərbaycanda tullantıların zərərsizləşdirilməsi üçün kifayət qədər yollar var. Qarşımızda duran əsas məqsədlərdən biri tullantıların düzgün utilizasiyasını həyata keçirməkdir. Dünyanın bir çox ölkəsində tibbi tullantıların sterilizasiya edilərək təhlükəsiz tullantılara çevirmə təcrübəsi var. Bundan sonra həmin məhsul təkrar xammal kimi istifadə edilir”.

Nazirlik rəsmisi vurğulayıb ki, “Təmiz şəhər” ASC artıq buna bənzər layihəyə başlayır: “Gələn il Balaxanıda quraşdırılacaq iki qurğu vasitəsilə təhlükəli tibbi tullantıların təhlükəsiz tullantılara keçirilməsini həyata keçiriləcək. Onlar zavodda yandırılaraq əlavə enerji əldə olunacaq. Bu da bir növ təkrar tullantıdan enerji məqsədilə təkrar istifadəyə daxil olur”.