Nazir müavininin müsahibəsi Peru mətbuatında

  • By admin
  • 21 Sentyabr 2021 09:12

Müsahibədə Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin tarixindən danışılıb, qəbul edilmiş beynəlxalq hüquqi sənədlər, o cümlədən Ermənistanın icra etməkdən boyun qaçırdığı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri barədə məlumat verilib.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Gununsesi.info-a verilən məlumata görə, məqalədə Xarici İşlər nazirinin müavini Elnur Məmmədova istinadən Ermənistanın işğalın nəticələrini möhkəmləndirməyə yönəlmiş hərəkətləri, bu məqsədlə danışıqlar prosesini gecikdirmək istiqamətində beynəlxalq hüquqa zidd olan əməllərindən danışılıb.

Ermənistanın beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozduğu, etnik təmizləməyə məruz qalmış Azərbaycan torpaqlarında qanunsuz olaraq əcnəbiləri məskunlaşdırdığı, işğal edilmiş ərazilərdə Azərbaycanın mədəni irsinin məhv edilməsinə çalışdığı vurğulanıb. Azərbaycan xalqına qarşı cinayətlər və Xocalıda törədilmiş qanlı soyqırımından bəhs edilib.

Müsahibədə 44 günlük Vətən müharibəsinin gedişi və nəticələri, Ermənistanın müharibə cinayətlərindən bəhs olunub, o cümlədən hərbi əməliyyatların aparıldığı bölgədən kənarda yerləşən Gəncə, Horadiz və Tərtər şəhərlərinin ballistik raket və artilleriya atəşlərinə tutulması nəticəsində günahsız insanların öldürüldüyü və yüzlərlə insanın yaralandığı qeyd olunub.

Həmçinin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinin, sərhədlərin delimitasiyası və demarkasiyasının Azərbaycan hökuməti qarşısında duran ən vacib məsələlərdən olduğu, lakin bu günədək Ermənistan tərəfindən bu məsələlərin həlli ilə bağlı qarşılıqlı addım atılmadığı bildirilib.

Azərbaycan hökumətinin işğaldan azad olunmuş ərazilərin kütləvi şəkildə minalanması, həmçinin Azərbaycanın tarixi və mədəni irsinin ermənilər tərəfindən məhv edilməsi faktları ilə bağlı ikinci dəfə Avropa İnsan Haqları Məhkəməsinə, habelə Beynəlxalq Haaqa Məhkəməsinə müraciət edəcəyi vurğulanıb.

Sonda, Azərbaycan Respublikası Prezidentinin Peru Respublikasının yeni seçilmiş Prezidentinə təbrikləri xatırladılaraq, iki ölkə arasında səmimi dostluq münasibətlərinin gələcəkdə, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində də daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə dair ümid ifadə olunub.

Gununsesi.info