Nazir: “Yaxın illərdə “Şahdəniz”də qaz hasilatı 25 mlrd. kubmetri ötəcək”

  • By admin
  • 24 İyul 2020 16:22

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 2024-cü ildə 25 mlrd. kubmetrdən artıq qaz hasil ediləcək.

Energetika Nazirliyindən Gununsesi.org-a verilən məlumata görə, bunu Energetika naziri Pərviz Şahbazov ADA Universitetində keçirilən 14-cü Bakı Yay Enerji Məktəbində “Azərbaycanın enerji siyasəti və bərpa olunan enerjinin artan rolu” mövzusunda çıxış edərək deyib.

Nazir “Cənub Qaz Dəhlizi” layihəsində isə Azərbaycanın qaz ölkəsi kimi inkişafı, bazarlarını şaxələndirməsi və Avropanın diversifikasiya məqsədlərinin birləşdiyini qeyd edib: ““Şahdəniz” yatağından ilbəil artan qaz hasilatının 2024-cü ildə 25 mlrd. kubmetri ötəcəyi gözlənilir. Bu isə imkan verir ki, Cənub Qaz Dəhlizi (CQD) tam işə düşdükdən sonra “Şahdəniz” qazının alıcılarını 16 mlrd. kubmetrlik qaz həcmləri ilə təmin edək”.

Şahbazovun sözlərinə görə, CQD-nin seqmenti olan Trans-Anadolu qaz kəməri (TANAP) Türkiyəyə qaz nəqli artıq 6 mlrd. kubmetrə çatıb.

“Layihənin sonuncu seqmenti-TAP yekunlaşmaq üzrədir. Xəzər qazı ilk dəfə olaraq Avropaya məhz Azərbaycanın təşəbbüsü olan mənbə və marşrutların şaxələndirilməsi layihəsi-Cənub Qaz Dəhlizi ilə çatdırılacaq”, – nazir qeyd edib.

 

 

Gununsesi.org