Tanınmış müğənni Kərim Abbasovun polis bölməsində onun barəsində nalayiq fikir bildirən sosial şəbəkə istifadəçilərini üzr istətdirməsi və bu görüntüləri əks etdirən videonu yayması ilə bağlı araşdırmalara başlanılıb. Gununsesi.info xəbər verir ki, lent.az-ın məlumatına görə, daxili işlər naziri Ramil Usubovun göstərişi ilə Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsində araşdırmalara başlanılıb. Belə ki, bölmə rəisi Etibar Balakişiyev və kadrlarda görünən sahə müvəkkili Oruc Mirzəyev barəsində xidməti araşdırmanın aparılmasına qərar verilib. Araşdırmanın nəticəsindən asılı olaraq hər iki polis zabiti barəsində tədbir görüləcək.
Qeyd edək ki, daxili işlər naziri Ramil Usubovun imzaladığı müvafiq əmrlə polis idarəsi, bölməsi və digər strukturlara daxil olan qapalı yerlərə-otaqlara kamera ilə giriş qadağandır. Bundan başqa Cinayət Prosessual Məcəlləsində üzr istəmə və üzr istətmə hərəkətləri polisin deyil, məhkəmənin səlahiyyəti kimi təsbit edilib.