“Nazirlər qohum-əqrəbasının adına QHT təsis edib, illik pulları silməklə məşğuldurlar” - ZAUR QƏRİBOĞLU

  • By admin
  • 30 Noyabr 2016 13:12

zaur

“Bu gün reallıq budur ki, Azərbaycanda informasiya müharibəsində hələ ki, prezident İlham Əliyevin “Biz informasiya müharibəsində müdafiə mövqeyindən hücum mövqeyinə keçməliyik” tapşırığına əməl olunmur”.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin sədri Zaur Qəriboğlu sosial şəbəkədəki səhifəsində yazıb: “Biz heç yerdən maliyyələşmədən, öz hesabımıza “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İB olaraq, heç kimin xahişi və tapşırığı olmadan 24 saat işləyirik. Lakin, məhz,  bu iş üçün dövlət rəsmi və qeyri-rəsmi külli miqdarda pullar ayırır. Ancaq həmin pullar, sadəcə, bir neçə müəyyən təşkilatlar tərəfindən alınaraq, təşkilat rəhbərlərinin şəxsi biznesinə sərf olunur və biz də silahlı müharibədə uduzduğumuz kimi,  bu gün üçün çox vacib olan informasiya müharibəsində də uduzuruq. Bununla da düşmənin dəyirmanına su tökürük. Bu gün Azərbaycanda informasiya müharibəsində erməninin və antiazərbaycançı ölkələrin apardığı təbliğatı məhv edəcək, bir dənə də olsun sistemli fəaliyyət göstərən resurs yoxdur. Hansı ki, əslində var, həm də çoxdur. Sadəcə, fəaliyyətləri sistemli deyil. Səbəb də ikidir, birincini yuxarıda qeyd etdim, ikinci də maliyyəsi olmayan təşkilatların fəaliyyətinin çox kiçik olmasıdır. Düşmən dövlətin maddi imkanları bizdən də qat-qat aşağıdır. Lakin, uzun illərdir püxtələşdikləri informasiya müharibəsini çox sistemli şəkildə aparırlar. Və bu virtual müharibəyə dövlət bir qəpik də ayırmır. Hamısını diasporalar, iş adamları edir. Lakin acı da olsa, deyəcəyəm ki, bizdə hamı ağzını açıb, dövlətdən nəsə gözləyir, dövlətin də qapısını bir neçə avanturist kəsib, timsahın göz yaşlarını axıdıb, “vətənpərvər” adı ilə dövlətin pulunu alıb, kef etməklə məşğuldur. Diasporanı keçirəm, məlumdur, iş adamları, imkanlı şəxslər isə Qarabağ, informasiya müharibəsi sözü eşidəndə, başlarına daş düşür, bu məqsədlə görüləcək işlərə  bir manat belə verməyə can çəkirlər. Səbəb: Milli ruh yoxdur. Bir Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasıdır ki, bu sahəyə ciddi önəm verir və maliyyə ayırır. Nazirliklərin  isə fəaliyyəti  məlumdur.Hər nazir özünün qohum-əqrəbasının adına QHT təsis edib, illik pulları silməklə məşğuldurlar. Bir sözlə, bu gedişlə unutmayın ki, informasiya müharibəsini uduzan ölkə, silahlı müharibəni də uduzmağa məhkumdur. Dəyərli dostlar, gəlin, əl-ələ verib, düşmənə qarşı, bir olaq, birgə mübarizə aparaq.

Gülnaz Qənbərli

Gununsesi.info