Nazirlik 24 uşağı Türkiyəyə müalicəyə göndərdi

  • By admin
  • 03 Avqust 2016 13:22

usaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqların xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili işləri davam etdirilir.

Nazirlik qeyd olunan uşaqlardan daha 24 nəfərini valideynlərindən birinin müşayiəti ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə göndərib. Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, uşaqların valideynləri ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, habelə tibbi-sosial reabilitasiyası istiqamətində həyata keçirilən tədbirlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar övladlarının sağlamlıqlarının bərpasına, bu məqsədlə xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkilinə göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev bildirib ki, göndərilən uşaqlar Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzində fizioterapevtik müalicə kursu keçəcəklər: “Həmin mərkəz əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi reabilitasiyası üzrə ixtisaslaşmış müəssisədir. Bizim göndərdiyimiz uşaqlar və onların valideynləri də həmin mərkəzdə 5 ulduz oteldə yerləşdiriləcək və uşaqlara qabaqcıl fizioterapevtik müalicə metodları əsasında reabilitasiya xidmətləri göstəriləcək. Uşaqların valideynləri də reabilitasiya tədbirlərinə cəlb ediləcəklər”. S. Abdullayev əlavə edib ki, cari ilin ötən dövründə nazirlik tərəfindən artıq 128 nəfər bu təbəqələrdən olan şəxs xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib. Onlardan 70 nəfərini əlilliyi olan şəxslər, 58 nəfərini sağlamlıq imkanları məhdud uşaqlar təşkil edib”. Şöbə müdiri qeyd olunan insanların sosial müdafiəsi və reabilitasiyası məqsədilə digər istiqamətlərdə də tədbirlərin həyata keçirildiyini bildirib: “Hazırda nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” icra edilir. Bu Proqram çərçivəsində həmin şəxslərin reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilmələri, onlar arasında idman tədbirlərinin keçirilməsi və beynəlxalq yarışlarda iştirak etmələrinə şərait yaradılması, onların istirahətinin təşkili, sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi və s. istiqamətlərdə də işlər aparılır”.

Anar

Gununsesi.info