Nazirlik kafe və restoran sahiblərinə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

 

Gununsesi.info Nazirliyə istinadən xəbər verir ki, bu çərçivədə, respublika ərazisində iaşə obyektlərində, o cümlədən kafe və restoranlarda baş vermiş yanğınların Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış təhlili nəticəsində həmin yanğınların bir hissəsinin tüstü bacalarının yağ qalıqlarından vaxtlı-vaxtında təmizlənməməsi nəticəsində baş verdiyi müəyyən edilib.

 

Belə ki, kafe və restoranların mətbəxində zamanla tüstü bacalarında yağ qatı əmələ gəlir. Yüksək yanma xassəsinə malik bu yağlar bacaların şaquli və üfüqi kanallarında və mühərriklərin üzərində yığılır, vaxtında təmizlənmədikdə ani qığılcımdan yanğın baş verməsinə səbəb olur.

 

Yalnız FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənlərinin gərgin əməyi və səriştəli fəaliyyəti sayəsində bu kimi yanğınların genişlənməsinə imkan verilmədən qarşısının alınması mümkün olur.

 

Yuxarıda qeyd olunanları, habelə iaşə obyektlərinin insanların kütləvi toplaşdığı məkanlar olduğunu və bu obyektlərin bir hissəsinin yaşayış binalarında yerləşdiyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi kafe və restoran sahiblərinə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, o cümlədən tüstü bacalarının yağ qalıqlarından vaxtlı-vaxtında təmizlənməsinin təmin olunmasına çağırır.

 

 

Gununsesi.info