Nazirlik partnyor ödəyicilərə elektron xidmətlər təqdim edəcək

  • By admin
  • 10 Dekabr 2016 22:47

Vergiler-Nazirliyi

Gələn ilin yanvarın 1-dən başlayaraq, Vergilər Nazirliyi intizamlı vergiödəyiciləri üçün “Yaşıl dəhliz” prinsipi əsasında fərdi və sürətli xidmətlərin göstərilməsinə başlayacaq. Bu məqsədlə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti və 1 saylı Vergilər Departamentində Şəffaf vergi partnyorluğu idarələri yaradılıb.

Gununsesi.info-nun nazirliyin saytına istinadən verdiyi məlumata görə, bunu vergilər nazirinin müşaviri, nazirliyin Vergiödəyicilərinə xidmət baş idarəsinin rəisi Ələkbər Məmmədov sözügedən idarələrin fəaliyyəti və vergiödəyicilərinə göstəriləcək xidmətlərlə bağlı bildirib.

Ə.Məmmədov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamı ilə vergiödəyicilərinin hüquqlarının qorunması, vergi orqanları ilə vergiödəyiciləri arasında münasibətlərin daha şəffaf qurulması və yüksək səviyyəyə çatdırılması əsas hədəflərdən biri kimi müəyyən edilib.

Vergilər Nazirliyi vergiödəyiciləri ilə vergi orqanları arasında partnyorluq münasibətlərinin daha da inkişaf etdirilməsi, vergi orqanları tərəfindən belə vergiödəyicilərinə çevik və şəffaf xidmətlərin göstərilməsi, onların fəaliyyətinin uçotda olduqları vergi orqanlarında vahid struktur tərəfindən əlaqələndirilməsi, bununla da digər vergiödəyicilərində könüllü əməletmənin təşviq edilməsinə nail olunması istiqamətində bir sıra islahatlar həyata keçirib. Bu islahatların davamı olaraq, eləcə də biznesin və vergiödəyicilərinin fəaliyyətinin stimullaşdırılması məqsədilə fəaliyyətini şəffaf qaydada həyata keçirən vergiödəyiciləri üçün “Yaşıl Dəhliz” prinsipi əsasında fərdi və sürətli xidmətlərin göstərilməsinə başlanacaq.

Artıq şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergiödəyiciləri ilə işlərin tənzimləmə mexanizminin müəyyən edilməsi üçün vergilər naziri Fazil Məmmədovun əmri ilə müvafiq qaydalar da təsdiq edilib. Bu qaydalar şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergiödəyicilərinin müəyyənedilmə meyarlarını, onlara göstəriləcək xidmətləri, müraciətlərinə baxılması qaydasını və digər məsələlər üzrə prosedurları müəyyən edir.

Vergilər Nazirliyinin partnyor ödəyicisi statusuna malik olmaq üçün vergiödəyiciləri bir sıra meyarlara cavab verməlidir. Belə ödəyicilər vergi hesabatlarını Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətlərdə təqdim etməli, vergiləri tam həcmdə və vaxtında ödəməli, işlərin yerinə yetirilməsinə cəlb etdiyi şəxslərin sayını və onların əmək haqlarını düzgün bəyan etməli, mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına əsasən aparmalı, gücləndirilmiş elektron imzaya sahib olmalı, yazışmaların elektron şəkildə aparılmasına üstünlük verməli və digər meyarlara cavab verməlidir. Partnyor vergiödəyicisi statusunu əldə edən ödəyicilərə unikal uçot koda malik bildiriş veriləcək.

Gununsesi.info