Nazirlik: Sentyabrın 15-i ölkəmizdə kino mövsümünün başlanğıcı kimi qeyd olunacaq

  • By admin
  • 23 Avqust 2017 20:00

med nazirlik

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin iştirakı ilə Bakıda və ölkəmizin regionlarında film nümayişi işinin təşkili və inkişaf etdirilməsinə həsr olunmuş müşavirə keçirilib.

Nazirlikdən Gununsesi.info-ya bildirilib ki, müşavirədə qurumun struktur bölmə rəhbərləri, kino sahəsində çalışan mütəxəssislər və ictimai təşkilatların rəhbərləri, regional mədəniyyət və turizm idarələrinin müvafiq sahə üzrə əməkdaşları iştirak edib.

Tədbirdə Ədalət Vəliyev ölkəmizdə kino sənayesinin inkişafı istiqamətində atılan addımlardan danışıb. Bildirib ki, gələn il Azərbaycan kinosunun 120 illiyi qeyd olunacaq: “Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb. XX əsrdə Azərbaycan kinosu yüksək səviyyədə inkişaf etdi. SSRİ-nin kino sənayesində Azərbaycan kinematoqrafçıları da xüsusi yer tuturdular. Filmlərimiz həmin dövrün ali mükafatlarına layiq görülürdü. İndi də həmin filmləri sevə-sevə izləyirik. Ölkəmiz müstəqillik əldə etdikdən sonra məlum səbəblərdən kino sənayesi tənəzzül dövrü yaşadı. Amma qısa zamanda bu çətinliklər də aradan qaldırıldı. Mədəniyyətin digər sahələri kimi kino sənayemiz də inkişaf etməyə başladı”.

Gununsesi.info