“Nazirlik Tahir Əkbəri qamışlıqda dəfn edib” - AİLƏSİNDƏN SƏRT İTTİHAM (FOTOLAR)

  • By admin
  • 05 Mart 2018 11:06

Xəbər verdiyimiz kimi, martın 2-də dünyasını dəyişən tanınmış bəstəkar Tahir Əkbərin məzarı dəyişdirilib. Sənətkarın nəşi anası Samaya Əkbərovanın məzarının yanına köçürülüb. 

Gununsesi.info “qafqazinfo”ya istinadən məlumat verir ki, iddia olunur ki, Mədəniyyət və Turizm Nazirliyi mərhumun “Qurd qapısı”nda dəfn olunacağı barədə ailəsinə məlumat verib. Lakin Tahir Əkbər başqa bir məzarlıqda torpağa tapşırılıb.

“Qafqazinfo” mövzu ilə bağlı bəstəkarın həyat yoldaşı Aybəniz Əkbərlə əlaqə saxlayıb.  O, yayılan məlumatları təsdiq edərək mərhumun məzarının dəyişdirildiyini qeyd edib:

“Mən bir  bəstəkar xanımı kimi Bəstəkarlar İttifaqı və Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişdim. Sağ olsunlar, kömək etdilər. Amma Tahir müəllimi layiqsiz yerdə gördüyümə görə onun məzarını dəyişdirdim. Çünki həmişə zarafatyana deyərdi ki, məni xidmətlərimə görə, 2-ci Fəxri Xiyabanda dəfn edərlər.

Onun Azərbaycan incəsənətinə xidmətini danmaq olmaz. Mən öz qərarımı dəfn mərasimində verdim. Vəssalam. Səhər durub öz borcumu yerinə yetirdim. Nazirlikdən mənə deyilmişdi ki, Badamdarda basdırılacaq. Bilməmişdim ki, bir qamışlıqda, boş ərazidə tək onu dəfn edəcəklər. Əlavə bir şərhə ehtiyac varmı? Hamısı göz qabağındadır”.

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin mövqeyini öyrənmək istəsək də, telefonlarımıza cavab verən olmayıb.

Gununsesi.info