Nazirlikdən qızılca peyvəndi ilə bağlı valideynlərə xəbərdarlıq

Qızılcaya yoluxanlar arasında ən həssas kontingent məktəbəqədər və məktəb yaşlı uşaqlardır. Xəstəliyin törədicisi mühitdə davamsız olduğuna baxmayaraq (təqribən 2 saat ərzində məhv olur), yoluxma hava-damcı yolu ilə baş verir.

Gununsesi.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun infeksionisti Afət Əkbərova bildirib. Onun sözlərinə görə, xəstəliyi keçirməyən və peyvənd olunmayan şəxslərin qızılcaya yoluxma ehtimalı 95-96% təşkil edirsə, bunun əksi olaraq 2 doza peyvənd alanlarda orqanizmdə yaranmış anticisimlər uzun müddət virusa qarşı qoruyuculuğu təmin edir:

“Azərbaycanda tətbiq olunan və Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə gətirilən 3 komponentli “QPM” vaksini qızılca ilə yanaşı, parotit və məxmərək kimi virus mənşəli xəstəliklərə qarşı olan bir peyvənddir. Təəssüf ki, bəzi valideynlərin müxtəlif səbəblərdən immunlaşmadan imtina etməsi halları qızılca xəstəliyinin artmasına gətirib çıxarır. Xəstəlik özünü büruzə verməmişdən öncə xəstə inkubasion (gizli) dövr keçirir. Bu dövr 6-17 gün çəkə bilər. Başlanğıcda xəstədə qripə oxşar əlamətlər, yəni halsızlıq, iştahasızlıq, uşaqlarda çəki itkisi, alt göz qapağının şişkinliyi, gözün selikli qişasının hiperemiyası, zökəm, bədən temperaturunun 37,2-37,5℃-ə kimi yüksəlməsi müşahidə olunur. Məhz bu zaman qızılcaya xas spesifik əlamət olan yanağın selikli qişasında “koplik ləkələr” adlanan səpgiləri görünür.

Tezliklə xəstənin hərarəti 39-40℃-ə kimi yüksəlir, kəskin baş ağrıları, səsin kobudlaşması, işıqdan qorxma, quru öskürək başlayır. Ardıcıl olaraq yayılan, öncə qulaqların arxasında, burunun üstündə, sonra isə tədricən bütün üzü, boyun dərisini, gövdə, qollar və ayaqları tamamilə örtən səpgilər əmələ gəlir. Sağalma başlayanda səpgilər həmin ardıcıllıqla solur, piqmentləşir və bəzən yerlərində kəpəkvari qabıqlanma olur.

Xəstə insan onunla təmasda olanlar üçün kataral (qripə bənzər simptomlar olan) dövrün sonunda və səpgilərin göründüyü ilk günlər yoluxucudur. Bu, həmin dövrdə virusun qanda maksimal konsentrasiyası ilə əlaqəlidir.

Səpgilərin üçüncü günündən virusun miqdarı azalır. Yoluxuculuq qabiliyyəti aşağı düşdüyü andan qanda anticisimlər əmələ gəlməyə başlayır, nəticədə xəstəlik keçirən insanlarda bütün həyatı boyu davam edəcək immunitet yaranır. Beləliklə də təkrar yoluxma halları cəmi 0,5 – 1,0% təşkil edə bilir”.

Həkim deyib ki, virus tənəffüs yollarını və mədə-bağırsaq traktını zədələdiyi üçün fəsadlar bu sistemlərə daxil olan orqanlarda özünü büruzə verə bilər:

“Belə ki, seroz meningit, meninqoensefalit, sinusit, laringit, traxeobronxit, otit, yevstaxit, pnevmoniya və s. ağırlaşmaların yaranmasında ikincili bakterial infeksiyanın qoşulması da öz rolunu göstərir. Bu fəsadların rast gəlmə faizi risk qrupuna aid olan şəxslərdə xüsusilə yüksəkdir.

Özünüzdə və ya yaxınlarınızda xəstəliyin hər hansı bir simptomlarını müşahidə etdiyiniz təqdirdə, digərlərindən təcrid olunmaq, gigiyena qaydalarına, düzgün qidalanmaya, yataq rejiminə riayət etmək və həkim nəzarəti altında olmaq tövsiyə edilir. Qızılca xəstəsi ilə təmasda olduqda isə, 72 saat ərzində peyvənd və ya təmasın 5-ci günündən gec olmayaraq insan immunoqlobulinin yeridilməsi məsləhət olunur.

Qeyd edim ki, qızılca peyvəndlə qarşısı alına bilən yoluxucu xəstəliklərdən biridir. Aktiv immunizasiya yolu ilə bu xəstəlikdən, eləcə də onun fəsadlarından qorunmaq mümkündür.

Ölkəmizə Səhiyyə Nazirliyi tərəfindən UNİCEF xətti ilə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi vaksinlər gətirilir. Bir daha valideynlərin nəzərinə çatdırmaq istəyirəm ki, obyektiv əks göstəriş olmadan ölkədə mövcud olan peyvəndlər təqvimindən yayınma hallarına yol verməsinlər. Bu təqvimə əsasən, 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və ya məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar. Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozası vurulmalıdır. Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar təcili olaraq bu dozanı almalıdırlar. Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar isə minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar”.

 

Gununsesi.info