Samir Əliyev: “Kim təminat verir ki, həmin vəsaitlərin taleyi əvvəlkilər kimi olmayacaq”
Azərbaycan Dövlət Neft Fondunun (DNF) “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) 1 milyard dollar depozit yerləşdirin.
Dövlət Neft Fondundan Gununsesi.info-ya verilən məlumata görə, artıq bununla bağlı işlər başa çatıb.
Qeyd edək ki, DNF-nin 2015-ci ilə dair audit rəyinə görə, 2016-cı ilin martın 18-də Fond ABB-yə illik 4 faiz dərəcəsi olmaqla 500 milyon dollar (800 milyon manat) məbləğində sərmayə yatırıb. Depozit müqaviləsi 16 mart 2017-ci il tarixində başa çatacaq.
İndi isə məlum olur ki, sentyabr ayında daha 500 milyon dollar vəsait ölkəyə gətirilərək, ABB-də depozit olaraq saxlanılır.
ABB-nin İdarə Heyətinin sədr müavini Elmir Həbibullayev “APA”ya bildirib ki, yerləşdirdiyi vəsait bankın xarici öhdəliklərinin yerinə yetirilməsi ilə bağlıdır.
Rəsmi məlumata görə, 2009-cu ilin oktyabrından 2015-ci ilin martına kimi offşor zonalara sözügedən bankdan 3,7 mlrd dollar və 1,1 mlrd avro köçürülüb və vəsait qayıtmayıb. Bu dövrdə fiziki və hüquqi şəxslərə 1,3 mlrd manat, 1,4 mlrd dollar və 300 mln avro ümidsiz kredit verilib.
Belə aydın olur ki, Neft Fondunun 1 mlrd. dollar depozitindən ABB-nin xarici borclarının ödənilməsi üçün istifadə ediləcək. Bundan əlavə, hökumət Beynəlxalq Bankı xilas etmək üçün artıq 3 milyard manat yardım ayırıb. İndisə, onun üzərinə daha 1milyard dollar əlavə olundu. Ekspertlərə görə, bu, kifayət qədər riskli bir əməliyyatdır.
İqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, valyuta bazarına müvəqqəti sabitliyin səbəbi artıq bəlli oldu: “Neft Fondu son aylar valyuta bazarında dollara yüksək tələbat yaradan Beynəlxalq Banka 1 milyard dollar məbləğində depozit yerləşdirib. Fondun ölkə banklarında xarici valyutada depozit yerləşdirməsi yaxşı haldır. Bu, həmin bankları xarici valyutada təmin etməklə yanaşı, valyuta bazarında gərginliyi azalda bilər”.
Ancaq iqtisadçıya görə, Neft Fondu resurslarının ancaq dövlət bankı olan Beynəlxalq Bankda yerləşdirilməsi bank sektorunda rəqabət prinsipini pozaraq banklar arasına diskriminasiya yaradır:“Beynəlxalq Bank digər kredit təşkilatları ilə müqayisədə həmişə xüsusi imtiyazlara malk olub. Hətta bu imtiyazların müqabilində bank milyardlarda zərərə düşüb. Dövlət banka həm manat, həm də dollar dəstəyi verir. Halbuki digər banklara bu qayğıdan bir damla pay düşür.
Digər tərəfdən depozit yerləşdirən Dövlət Neft Fondudur. Depoziti cəlb edənsə, dövlət bankıdır. Belə vəziyyətdə gələcək nəsillərin puluna sərəncam verənlərlə həmin vəsaiti xərcləyənlər niyə bu işi gizlincə aparır? Kim təminat verir ki, həmin vəsaitlərin taleyi əvvəlkilər kimi olmayacaq?”.
Vüsalə RÜSTƏMOVA
Gununsesi.info