Bir neçə gün öncə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban neft hasilatı ilə bağlı rəqəm uyğunsuzluğu barədə məlumat yaymışdı. İ.Şaban bildirmişdi ki SOCAR II Beynəlxalq Forumunda ARDNŞ-in marketing və investisyalar üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov “Azəri Çıraq Günəşli” yatağında 4 mlrd barel neftin hasil edildiyini bəyan edib. (yəni 540,5 mln ton). “Ancaq elə bu tədbirdə çıxış edən SOCAR-ın I vitse-prezidenti X.Yusifzadə bildirib ki, indiyə qədər AÇG-dən 423 mln ton neft çıxarılıb (3,1 mlrd barel). Sonra Bəylərbəyov bəyan edib ki, AÇG-nin indiyə qədər bütün investisiya xərcləri $30 mlrd təşkil edib. Ancaq 2 iyun 2016-cı ildə SOCAR prezidenti Abdullayev Caspian Oil & Gas konfransinda bəyan etmişdi ki, ACG üzrə xərcləmələr $40 mlrd-ı ötüb”- Şaban qeyd etmişdi.
Gununsesi.info məlumat verir ki, “Caspianbarrel.org”a sözügedən uyğunsuzluğa aydınlıq gətirən SOCAR-ın Marketinq və İnvestisiyalar üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov vurğulayıb ki, informasiyaların düzgün qavranılmayıb: “Məsələn, SOCAR-ın I vitse prezidenti Xoşbəzt Yusifzadə həmin tədbirdə bildirib ki, “Azəri-Çıraq-Günəşli” yataqlarından indiyə qədər 423,5 milyon ton neft hasil edilib (3,1 mlrd barrel).
Ancaq mən çıxış edərkən slayda əsasən bildirdim ki, “Azəri”, “Çıraq”, “Günəşli” yatağının dərin hissəsi və “Günəşli” yatağının ehtiyatları 10 milyard barel həcmində qiymətləndirilir (1,3 mlrd ton). Və indiyə kimi bu yataqlardan 4 milyard barel neft hasil edilib”.
Yəni buradakı qiymətləndirməyə, həmçinin, SOCAR-ın balansında olan “Günəşli” yatağının ehtiyatları və hasilatı daxil edilmişdi.
Elə ACG-də indiyə qədər 400 quyu qazılması və 1600 km boru xətti çəkilməsi məsələsinə toxunarkən də Bəylərbəyov ümumilikdə geoloji olaraq “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarını nəzərdə tutduğunu qeyd edir. “Axı bu sahədə yazan jurnalistlərin əksəriyyətinə məlumdur ki, BP-nin operatorluğu altında olan ACG-də 150 quyu var. Bizim Günəşlidə isə “Azneft” daha çox quyu qazıb indiyə qədər”, – deyə Bəylərbəyov məsələni izah edir.
Daha sonra SOCAR rəsmisi bildirir ki, KİV-lərin ona istinadən ACG-yə 30 milyard dollardan çox sərmayə yatırıldığını qeyd ediblər. Digər KİVlər isə bunun kiçik rəqəm olduğunu ötən ilin iyununda SOCAR prezidenti Rövnəq Abdullayevin Caspian Oil & Gas konfransindakı çıxışına istinad edərək 40 milyard dollar olduğunu göstərməsi ilə müqayisə ediblər.
Bəylərbəyovun sözlərinə görə, onun gətirdiyi rəqəm sırf kapital xərclərini əhatə edir: “ Rövnəq müəllimin səsləndirdiyi rəqəm isə, ümumiyyətlə, ACG layihəsinə çəkilən xərclərdir.
Bundan əlavə bəzi elektron informasiya vasitələrində Azərbaycanda son illərdə neft hasilatının 7-10 faiz azalmasını qeyd ediblər. Qeyd etmək istərdim ki, rəsmi statistikanın nəticələrinə görə, 2016-cı ilin göstəricilərinə baxsaq (41,03 mln ton), 10% azalma tempi 2011-ci illə (45,6 mln ton) müqayisədə baş verib, yəni son 5 il ərzində.
KİV-lərdə qeyri-dəqiq yer alan bir göstərici də neft-qaz sənayesinə edilən yatırımlarla bağlı olmuşdur. Bəziləri bunu 220 milyard dollar kimi, bəziləri 92 milyard kimi qeyd etmişlər. Əslində isə indiyə qədər Azərbaycan iqtisadiyyatına edilən yatırımların həcmi 220 milyard dollar olub, bunun 92 milyardını isə neft və qaz sənayesi təşkil edib”.
Vüsalə Rüstəmova
Gununsesi.info