Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri vəfat edib

Kimya elminin inkişafında mühüm xidmətləri olan tanınmış alim, Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri, professor Hikmət İbrahimov avqustun 23-də 71 yaşında vəfat edib. Hikmət Camal oğlu İbrahimov 1951-ci ildə Naxçıvan şəhərində anadan olmuşdu.

1968-ci ildə C.Məmmədquluzadə adına 2 saylı Naxçıvan şəhər orta məktəbi gümüş medalla bitirmiş, həmin il Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuşdu. O, 1973-cü ildə “Yüksək molekullu birləşmələr kimyası” ixtisası üzrə təhsilini başa vurduqdan sonra Elmi-Tədqiqat Olefinlər İnstitutunun Elastomerlər laboratoriyasında akademik Nadir Seyidovun rəhbərliyi ilə etilen-propilen kauçukunun xassələrinin yaxşılaşdırılması istiqamətində tədqiqat işlərinə başlamış və modifikator kimi heksen-1-dən istifadə edildikdə effektli nəticələrin alınmasını elmi dəlillərlə sübuta yetirmişdir. Alim bu istiqamətdə tədqiqat işlərini yekunlaşdıraraq, 1979-cu ildə dissertasiya işini müdafiə etmiş və kimya elmləri namizədi elmi dərəcəsini almışdı. H.İbrahimovun iştirakı ilə yeni, effektiv və selektiv heterogen katalizatorların üzərində α-metilstirolun dimerləşməsinin fasiləsiz rejimdə işləyən texnoloji sxemi işlənib hazırlanmış, yarım-sənaye qurğusunda alınan yağ Ust-Kamenoqorsk şəhərində güc kondensatorları üçün maye kimi uğurla sınaqdan çıxarılmışdır. Alim tərəfindən yerli xammallardan istifadə olunmaqla yeni katalitik kompleksin alınması prosesinin texnoloji sxemi yaradılmış, bu katalizatorun iştirakı ilə EP-300 kompleksində yan məhsul kimi alınan pirolizin maye məhsullarının effektiv emalının elmi əsasları verilmişdir. “Azərkimya” İB-də sintez edilmiş katalitik kompleksin iştirakı ilə yeni inşa olunmuş qurğuda hidrogenləşmə prosesindən istifadə olunmadan, pirokondensatdan doymamış karbohidrogenlərdən təmizlənmiş benzol fraksiyası alınmış, orijinal texnoloji dəyişikliklər edilmiş reaktorda yeni katalizatorun həll olan miqdarında fraksiyanın etilenlə alkilləşməsindən etilbenzolun sənayedə sintezinə nail olunmuşdur.

Pirokondensatın emalı zamanı yan məhsul kimi alınan və yüksək fiziki-mexaniki göstəricilərə malik neft-polimer qətranı isə Bakı şəhərinin avtomobil yollarında asfalt-beton örtükəmələgətirici modifikatoru kimi uğurla sınaqdan çıxarılmışdır.

2010-cu ildə H.İbrahimov “Pirolizin maye məhsullarının yeni kompleks emalı sxeminin işlənməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsini almış, 2019-cu ildə “Neft kimyası” ixtisası üzrə professor elmi adına layiq görülmüşdür.

Onun rəhbərliyi ilə neft emalı və neft-kimya sənayesində aparılan proseslərin intensivləşdirilməsi məqsədilə məlum alüminium və dixloretan əsaslı katalitik kompleksin in situ rejimində müxtəlif keçid metal duzları ilə modifikasiyasından yüksək aktivliyə malik bimetallik katalitik sistemlər sintez olunmuş, onların iştirakı ilə α-olefinlərin oliqomerləşməsi prosesi aparılmış, alınan məhsulların quruluş və xassələri fiziki metodlar vasitəsilə öyrənilmişdir. Müəyyən olunmuşdur ki, bu sistemlərdə alınan yağlar yüksək özlülük indeksi və termostabilliyi ilə baza yağlarından fərqlənir. Bundan başqa, professor H.İbrahimov və əməkdaşları tərəfindən CVD metodundan istifadə olunmaqla yüngül piroliz məhsulları və karbohidrogen qazları əsasında çoxdivarlı nanokarbon hissəcikləri alınmış, ağır neftlərin krekinqini həyata keçirmək məqsədilə yüksək aktivlik və seçicilik göstərən karbon əsaslı nanostrukturlu katalizatorlar hazırlanmış, onların element və faza tərkibi, aktiv elementlərin ölçülərə görə paylanması, səth morfologiyası, termiki xassələri fiziki metodlar vasitəsilə tədqiq edilmişdir. Alınmış nanokarbon bitki yağlarının ağardılması prosesində adsorbent kimi sınaqdan çıxarılmış, bu məqsəd üçün istifadə olunan “Ağartma torpağı”nı sərf norması və metalları daha effektiv tutmasına görə üstələmişdir.

Alim müasir neft emalı sənayesinin əsas inkişaf istiqamətlərindən biri sayılan ağır neft qalıqlarının (qudron, mazut, ağır piroliz qətranı) emala cəlb edilməsilə açıq rəngli neft məhsullarının alınması və neftin emalının dərinləşdirilməsi istiqamətində elmi-tədqiqat işləri aparmışdır. Həmçinin ağır piroliz qətranının (APQ) yeni katalitik kompleksin iştirakı ilə emal texnologiyası işlənmiş, yüksək təmizliyə malik olan naftalin rektifikasiya yolu ilə ayrılmış, qalıq fraksiya asta kokslaşma prosesinə yönəldilməklə, keyfiyyətli iynəvari elektrod koksu alınmışdır.

Professor H.İbrahimovun rəhbərliyi ilə metanoldan C2-C4 olefinlərin alınması və proses üçün stabil katalizatorların hazırlanması məqsədilə templant və sonokimyəvi üsullarla mikroməsaməli SAPO-34, SAPO-70 və SAPO-100 seolitləri sintez olunmuş, onların metanolun aşağı molekullu olefinlərə çevrilməsində katalizator kimi istifadəsi ilə prosesdə temperaturun aşağı salınmasına və yüksək çıxımla etilen və propilenin alınmasına nail olunduğu elmi dəlillərlə sübuta yetirilmişdir. O, xaricdə və ölkə daxilində 335 elmi əsərin, o cümlədən, 25 müəlliflik şəhadətnaməsi və patentin, üç dərsliyin həmmüəllifi idi. Alimin 90-dan çox elmi məqaləsi Rusiyanın və dünyanın bir sıra aparıcı jurnallarında dərc edilmişdi. Onun nanohissəciklərin alınmasına və tətbiq sahələrinin araşdırılmasına həsr edilmiş həmmüəlif məqalələri İngiltərə, Almaniya, ABŞ və digər ölkələrin yüksək reytinqli jurnallarında nəşr olunmuşdu. 2013 və 2017-ci illərdə H.İbrahimovun rəhbərliyi ilə 2 qrant layihəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilmişdi.

Hikmət İbrahimov 2011-2021-ci illərdə AMEA Neft-Kimya Prosesləri İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmış, institutda aparılan elmi-tədqiqat işlərinin istiqamətlərinin müəyyənləşdirilməsində, texniki sənədlərin və müxtəlif təyinatlı qrantların hazırlanmasında fəal iştirak etmişdi. O, institutun Neft və qazın kimyası və texnologiyası şöbəsinın müdiri idi.

Alim, həmçinin NKPİ-nin Elmi Şurasının və İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvü, Dövlət Neft Şirkəti yanında Neft-qaz emalı və neft-kimya kompleksinin optimallaşdırılması üzrə ekspert Şurasının və Tatarıstan-Azərbaycan birgəkomissiyasının üzvü olmuş, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli Sərəncamına uyğun “Azərbaycan Respublikasında neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”nə dair hesabatların hazırlanmasında AMEA-dan səlahiyyətli nümayəndə kimi fəal iştirak etmişdi.

H.İbrahimovun rəhbərliyi ilə iki doktorant kimya üzrə elmləri doktoru, 6 doktorant kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdı. O, AMEA magistraturasında təhsil alan tələbələrə “Nanotexnologiya” fənnindən mühazirələr demişdi.

Professor fəaliyyəti dövründə müxtəlif diplom və Fəxri fərmanla təltif olunmuş, 2009-cu ildə ölkə başçısının Sərəncamına əsasən isə “Tərəqqi” medalına layiq görülmüşdü. Professor Hikmət İbrahimov hər zaman dostlarının, tələbələrinin, onu tanıyanların yaddaşında, eləcə də Azərbaycan elm tarixində görkəmli alim və nəcib insan kimi qalacaq, alimin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Gununsesi.info