Neft ölkələri ABŞ qarşısında aciz qalıb - ABŞ neft ehtiyatlarını satışa çıxarması “qara qızıl”ı ucuzlaşdırdı

  • By admin
  • 10 Yanvar 2017 13:10

saban

Son iki ayda neftin qiymətində yüksəlməyə doğru gedən trend dünəndən etibarən aşağı düşməyə başlayıb. 

Gununsesi.info xəbər verir ki, London birjalarında Brent markalı 1 barell neftin qiyməti 4 faiz ucuzlaşaraq  54.94 dollar, Texas birjalarında isə 3.9 faiz ucuzlaşaraq 51.96 dollar təşkil edib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri  İlham Şabanın sözlərinə görə, dekabr ayından bəri  hələ neftin qiyməti 50-54 dollar dəhlizində, demək olar ki, olmamışdı: “Cəmi bir neçə sessiya olub.  Daim 55 dollardan yuxarı olub”.

Bəs nə oldu ki, birdən-birə neftin qiymətində yenə də ucuzlaşma müşahidə olunur?

İ.Şaban bildirir ki, buna ABŞ-dakı proseslərin təsir göstəridiyini deyir: “Yanvarın 9-da ABŞ Ticarət Nazirliyi elan etdi ki, strateji rezervlərindən( Strategic Petroleum Reserve, SRP) $375,4 mln dəyərində xammalın satışı üçün sifarişlərin qəbuluna başlayır. Sifarişlər yanvarın 17-nə kimi qəbul ediləcək. Satışa 8 mln barel neft çıxarılacaq”.

ABŞ şist neft sənayesinin inkişafı sayəsində energetika təhlükəsizliyi siyasətini dəyişdirərək neft ehtiyatlarını satışa çıxarmağa hazırlaşır. Qeyd edək ki, neft ehtiyatlarının yaradılması ilə bağlı qərar Səudiyyə Ərəbistanı tərəfindən ABŞ-a qarşı 1973-cü ildə tətbiq olunan embarqo nəticəsində qəbul olunub və o zaman 90 günlük neft ehtiyacı üçün hesablanıb. Belə ki, ABŞ-ın neft ehtiyatları dünyanın ən böyük strateji neft anbarıdır. Onun həcmi 700 mln. barelə bərabərdir.

ABŞ Energetika Nazirliyinin Konqresə təqdim etdiyi hesabatda neft ehtiyatlarının saxlanıldığı anbarların köhnəldiyi və artıq xərclər yaratdığı bildirilib. Oradakı texniki avadanlığın istismar müddətinin başa çatdığı və ya çatmaq üzrə olduğu vurğulanıb.

Hazırda ABŞ-ın strateji neft ehtiyatlarına ciddi ehtiyac olmadığı qeyd olunur. Ölkədə şist neft istehsalının artması və dünya neft bazarında təklifin yüksəlməsi ABŞ-a xeyli baha başa gələn neft ehtiyatlarının saxlanması mövzusunu ortaya çıxarıb.

“ABŞ-ın belə bir qərarının neft bazarına təsirinin zəif olacaq, lakin qiymət artımına təzyiq göstərəcək. Amerikanın dünya neft bazarının sabitləşmək istədiyi bir vaxtda belə bir qərar qəbul etməsinin səbəbi isə hələ tam aydın deyil”- deyə ekspert vurğulayır.

Vüsalə Rüstəmova

Gununsesi.info