Neftçaladan məhkəməyə qaloşla gəldi: 8 milyon rüşvət verdim...

  • By admin
  • 06 Aprel 2022 11:09

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Gununsesi.info-nun Teleqraf.com-a istinadla xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan proses bir aylıq fasilədən sonra davam etdirilib.

Hakim Elbəy Allahverdiyev mətbuat nümayəndələrinin açıq məhkəmə prosesində iştirakına yenə də imkan verməyib.

Sonuncu prosesdə iş üzrə zərərçəkən İbrahim Zeynalovun oğlu İlqar Zeynalov ifadə verib. O, atasının xəstə olduğunu, bu səbəbdən onun nümayəndəsi kimi prosesə qatıldığını açıqlayıb.

Aprelin 5-nə təyin edilən prosesə isə İbrahim Zeynalov özü gəlib. İlqar Zeynalov jurnalistlərə bildirib ki, atası 3 ağrıkəsici iynə vurmaqla prosesə qatılmaq qərarı verib.

İbrahim Zeynalov səhhətindəki problemlərdən, xüsusən ayaqlarındakı ağrılardan əziyyət çəkir. O, məhkəmə binasına bir neçə nəfərin köməyi ilə nimdaş geyimdə, cırılmış qaloşda gəlib.

Prosesin keçirildiyi zal məhkəmənin 2-ci mərtəbəsində yerləşir. İbrahim Zeynalov 2-ci mərtəbəyə çətinliklə, yanındakı şəxsləri qollarından tutmaqla, fasilə verməklə qaldırılıb.

Səhhəti nəzərə alınaraq məhkəmə zalında onun oturaraq ifadə verməsinə şərait yaradılıb.

İbrahim Zeynalov sərbəst ifadəsində ibtidai istintaqa verdiyi ifadəni tam şəkildə təsdiq etdiyini bildirib. Əlavə olaraq deputat Ziyad Səmədzadənin ona qarşı cinayəti sifariş verməkdə ittiham edib: “Deputat Ziyad Səmədzadə ilə uzun illər dost olmuşuq. O, mənim harada nəyim vardısa, hər şeyin canlı şahidi idi. Bilirdi ki, zavodum, fabrikim, sexlərim, evlərim, mülklərim var. Mən heç zaman ağlıma gətirməzdim ki, bu adamdan bir gün təhlükə gələ bilər. Çünki illər boyu Ziyad Səmədzadənin cibxərcliyini, səfərlərinin maliyyələşməsini mən elədim. Qızına torpaq bağışladım, həmin torpaqda inşa edilən evin tikinti materiallarını, kafel-metlaxını, qranit daşlarını Almaniyadan alıb gətizdirdim, hədiyyə elədim. İllərlə toy-yasımız bir olub.

Bir gün də Ziyad Səmədzadə özlüyündə düşünüb ki, mənim biznesimə şərik ola bilər. Belə də eləyib. Mənə deyəndə ki, bizmesinin 49 faizini mənim və ya qızımın adına sənədləşdir, ona cavab verdim ki, Ziyad, bilirsən ki, biznesi uşaqlarıma görə qurmuşam, sənə pay verə bilmərəm. Dedim ki, get işinlə məşğul ol! Ziyad Səmədzadə də dedi ki, bax sənin başına nə oyun açacağam! Heç ağlıma gəlməzdi ki, məni tutdurar, başıma oyun açar. Bu söhbətdən az müddət keçdi, günlərin birində məni MTN-ə sifariş edib tutdurdu”.

Gununsesi.info