“Qarabağ” Azərbaycan çempionatları tarixində 400-cü ev oyununu keçirib.
Gununsesi.info Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin yubileyi Premyer Liqanın XV turunun “Neftçi” ilə matçına təsadüf edib.
Hesabında 270 qələbə və 79 heç-heçə olan komanda öz meydanında 51-ci məğlubiyyətini alıb – 1:2. Cari çempionatın I dövrəsindəki ev görüşündə də “Neftçi”yə eyni hesabla uduzan “Qarabağ” öz meydanında rəqibindən xal ala bilməyib. Bu, bakılılar üçün ilkdir. “Ağ-qaralar” iki mərhələli və ya 4 dövrəli çempionatların heç birində “Qarabağ”la hər iki səfər matçında qalib gəlməmişdi.
Ağdam klubu isə tarixində ikinci dəfə eyni komandaya mövsümün hər iki ev matçında məğlub olub. “Neftçi” “Şəmkir”in 19 il əvvəl imza atdığı rekordu təkrarlayıb. 2001/02 mövsümündə qərblilər “Qarabağ” üzərində iki səfər qələbəsi qazanıb – 3:1, 2:0.
Qeyd edək ki, “Qarabağ” “Neftçi” ilə derbilərdə üç dəfə mövsümdə 6 səfər xalı qazanıb. Bu, 2012/13, 2014/15 və 2016/17 mövsümlərinə təsadüf edib.
Gununsesi.info