Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq.
Gununsesi.info xəbər verir ki, son oyun günündə də 2 qarşılaşma keçiriləcək.
Günün ilk oyunu Qəbələdə eyniadlı komanda ilə “Keşlə” arasında olacaq. Hazırda əyalət təmsilçisi 33 xalla 4-cü, paytaxt klubu isə 19 xalla 6-cı pillədə qərarlaşıb.
İki kollektiv indiyədək ölkə çempionatında 53 dəfə üz-üzə gəlib. Bunların 16-da meydan sahibləri, 19-da qonaqlar qələbə qazanıblar. 18 görüşdə qalib müəyyənləşməyib. Topların nisbəti də “Keşlə”nin xeyrinədir – 71:56.
Son üç görüşdə hər iki komanda qol vurub. “Qəbələ” son iki ev matçında qalib gəlib.
Tur mərkəzi oyunla başa çatacaq. 37 xalla 2-ci pillədə yer alan “Neftçi” “Bakcell Arena”da 35 xalla 3-cü yerdə gedən “Zirə”ni qəbul edəcək.
Bu, iki kollektiv arasında Premyer Liqada yubiley – 25-ci duel olacaq. Əvvəlki 24 görüşün 7-si flaqmanın, 11-i “qartallar”ın xeyrinə başa çatıb. 6 oyunda qalib müəyyənləşməyib. Bu matçlarda meydan sahibləri 26, qonaqlar 25 qol vurublar.
“Neftçi” son üç oyunda qalib gəlib. “Zirə” son 7 səfər matçında qələbə qazana bilməyib.
Azərbaycan Premyer Liqası
XXI tur
3 aprel (bazar)
15:00. “Qəbələ” – “Keşlə”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Namiq Bəkirov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Qəbələ şəhər stadionu.
17:15. “Neftçi” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bakcell Arena”.
Qeyd edək ki, ilk oyun günündə “Qarabağ” evdə “Səbail”ə 5:1, “Sabah” isə səfərdə “Sumqayıt”a 3:0 hesabı ilə qalib gəlib.
Gununsesi.info