Bakıda “Neftçilər” metrosunun çıxışında yerləşən obyektlərin qarşısındakı ərazi Nizami rayon İcra Hakimiyyəti tərəfindən satılıb.
Gununsesi.info-ya məlumat verən sakinlər bildiriblər ki, bu hərəkətlər Qarabağ qazisinin adı ilə həyata keçirilir.
Bildirilib ki, Nizami rayonunun Qara Qarayev küçəsi, 70 ünvanda, “Neftçilər” metrosunun çıxışında 31 dekabr gecəsindən başlayaraq, bu ərazidə qanunsuz yüngül konstruktiv köşk yerləşdirilib.
Ərazidə yerləşən obyeklərin sahibləri və sakinlər şikayət edir ki, bu qanunsuz işlər nə üçün gecə saatlarında və bayram günü edilir.
Bildirilib ki, həmin obyekti tikmək üçün əvvəlcədən ərazidəki ağacların qurudulması prosesi baş verib. Bundan əlavə, obyektin tikintisi piyadaların gediş-gəliş yolunun, səkinin zəbt edilməsi ilə həyata keçirilib.
Tikinti işləri yolda hərəkəti və yaşıllıq zonasını məhdudlaşdırıb. Bu məsələlərdən əlavə, bu tikintini təşkil edən şəxsin müvafiq orqanlardan icazə sənədləri (normativ sənədlər) olub-olmadığı müammalıdır. Ərazidə tikinti işləri aparmaq üçün hansı qurumdan icazə alınması məlum deyil.
Məlum deyil ki, “bəhs olunan obyekt” Azərbaycan Respublikasinin Dövlət-Bakı Şəhərsalma və Arxitektura idarəsi, İcra orqanları tərəfindən tikintisinə icazə verilib? Əgər bu “icazələr” varsa, insanların hərəkətinin məhdudlaşdırılması, yaşıllıq zonasının məhv edilməsi niyə nəzərdən yayınıb.
Gununsesi.info ərazidə yaranmış pozuntu ilə bağlı ciddi tədbirlər görülməsini gözləyir, yazıda adı gedən qurumların mövqeyini dərc etməyə hazır olduğunu bildirir.
Gununsesi.info