
“Neftçi”nin hücumçusu Daniel Seqovia “Zirə” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
– Məğlubiyyətlə bağlı izahınız varmı?
– Oyuna yaxşı başlamadıq. Özümüzə sonradan gəldik. Hesabı açdıqdan sonra dərhal qapımızda qol gördük. Bu gün oyunumuzla uduzduq. Rəqib əlahiddə nəsə etmədi. Səhvlərimizdən qollar buraxdıq.
– Hesabı açdıqdan sonra nə baş verdi? Sanki özünüzü dərhal itirdiniz və oyundan qopdunuz, nəticədə “Zirə” hesabı bərabərləşdirdi…
– Razıyam, qolu erkən buraxdıq. “Neftçi” kimi komanda belə qol buraxmamalıdı. Hər dəfə belə qollar buraxsaq, növbəti mövsüm də çempionluq uğrunda mübarizə apara bilmərik.
– Fərqli iki hissə izlədik. Oyuna isinmək üçün bir hissə gözləməyinizin səbəbi nə idi? Paltardəyişmə otağında özünüz üçün qısa təhlillər apardınız?
– Razıyam, fərqli hissələr alındı. Birinci hissədə sanki nəsə çatışmırdı. Fasilədə baş məşqçi müəyyən tapşırıqlar verdi ki, oyunu dəyişə bilək. Səhvlərimizi başa saldı. İkinci hissədə yaxşı oynadıq. Amma biz hesabı açdıqdan sonra rəqibin qoluna qədər onlar heç nə edə bilmədilər. Səhvlərimizdən həmin qolları buraxdıq.
– Bu, Vaylonun ilk səhvi deyil. Qapıçı artıq inamsız təsir bağışlayır. Bu, gələcək oyunlarda meydan oyunçularına mənfi təsir edəcək?
– Bütün günahı qapıçının üzərinə yükləmək istəməzdim. Elə oyunlar olur ki, o, komandanı xilas edir, bəzən isə özü səhvlərə yol verir. Bu gün qapıçının günü deyildi. Qələbə komandanın aktivinə yazıldığı kimi, məğlubiyyətdə də hamımızın günahı var.
– Qış fasiləsindən sonra “Neftçi” oyunu ilə inamı qaytarmışdı. Bugünkü məğlubiyyətin həmin inamı yerə vurduğunu demək olarmı?
– Azarkeşlərə səslənirəm, bizə inanmaqda davam etsinlər. İnamsızlığa qapılmasınlar. Əlimizdən gələni edəcəyik ki, maksimum nəticə qazanaq. Çempionat bitməyib, bir neçə vacib qarşılaşmalar var.
– Hədəflədiyin pilləyə yüksəlməyinin çətin olduğunu bildiyin halda qarşıdakı oyunlara motivasiya olmaq çətin deyil?
– Uşaq yaşlarından bizə öyrədiblər ki, udsan da, uduzsan da, bütün oyunlarda sona qədər mübarizə aparmalısan. “Neftçi” kimi komanda üçün çempionat və ya kubok oyununun fərqi olmamalıdı. Sona qədər meydana motivasiya ilə çıxıacağıq.
Gununsesi.info