Neftin qiyməti qalxacaq

  • By admin
  • 30 Avqust 2016 10:04
ilham
Əlcəzairdə neft hasilatının dondurulması ilə bağlı keçiriləcək forum birjalara informativ baxımdan müsbət təsir edir.
 
Gununsesi.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. İqtisadçı ekspert neftin yaxın müddətdə bahalaşacağını bildirib:
“Bu ilin əvvəlində yekun anlaşma olmasa da, hasilatın dondurulması ilə bağlı keçirilən ilk görüş nəticəsində neftin qiyməti dünya bazarında 30 faiz artdı. Hazırda bu məsələ yenidən gündəmə gəlib və neftin qiyməti 50 dollar ətrafında cərəyan edir. Yəni bu, birjalara informativ baxımdan müsbət təsir edir. Hesab edirəm ki, yaxın 1 aydan da artıq dövrdə neftin qiyməti 50-55 dollar diapazonunda dəyişəcək. Yəni neftin qiyməti artıma doğru gedəcək. Neft hasilatçısı olan ölkələrin yüksək vəzifəli rəsmilərinin açıqlamaları da bu mənada birjalara öz təsirini göstərəcək. Söhbət 50-55 civarında gözlənilən korreksiyalardan gedir. Ancaq bu o demək deyil ki, bazar iştirakçılarının əhval-ruhiyyəsini yaxşılaşdıracaq bir şərait yaranacaq. Güman etmirəm ki, Əlcəzairdə hasilatın dondurulması ilə bağlı yeni qərar olacaq. Çünki bazarda 50-dən yuxarı qiymət formalaşırsa, bu, indiki şəraitdə həm hasilatçılar, həm də istehlakçılar üçün komfortlu bir qiymətdir”.
Qeyd edək ki, sentyabrın 26-28-də Əlcəzairdə neft hasilatının “dondurulması” ilə bağlı beynəlxalq enerji forumu keçiriləcək.